Milyonlar xərclədi, yenə xəstələndi – məşhur biohakerin diaqnozu müzakirə yaradır
Dünyanın ən məşhur biohakerlərindən biri hesab olunan amerikalı sahibkar Brayan Conson bütün səylərinə baxmayaraq ciddi sağlamlıq problemi ilə üzləşib.
BAKU.WS xəbər verir ki, illərdir qocalmanı ləngitmək məqsədilə sərt qidalanma rejimi, yüzlərlə tibbi analiz, çoxsaylı qida əlavələri və eksperimental prosedurlardan istifadə edən Consona autoimmun qastrit diaqnozu qoyulub.
Həkimlərin sözlərinə görə, biohaking sağlam həyat tərzini dəstəkləyə və bəzi xəstəliklərin riskini azalda bilsə də, genetik meyillilik və immun sistemində baş verən pozuntuların qarşısını tam ala bilmir.
Qastroenteroloq Vladimir Loqinov bildirib ki, autoimmun qastrit zamanı immun sistemi mədənin selikli qişasındakı hüceyrələrə hücum edir. Bu hüceyrələr mədə turşusunun və B12 vitamininin mənimsənilməsi üçün vacib olan maddələrin sintezində mühüm rol oynayır. Nəticədə orqanizmdə dəmir və B12 vitamini çatışmazlığı yaranır.
Mütəxəssisin sözlərinə görə, xəstəliyin əsas səbəblərindən biri irsi meyillilikdir. Bəzi hallarda isə Helicobacter pyloribakteriyası immun sistemini çaşdıraraq autoimmun prosesin başlamasına və ya sürətlənməsinə səbəb ola bilər.
Revmatoloq Natalya Stepanova isə qeyd edib ki, autoimmun xəstəliklər yalnız həyat tərzindən asılı deyil. Genetik xüsusiyyətlər, infeksiyalar, bağırsaq mikrobiomu, qəbul edilən dərmanlar, ətraf mühit amilləri və stress kimi çoxsaylı faktorlar xəstəliyin inkişafında rol oynayır.
Ekspertlər vurğulayırlar ki, ağıllı saatlar, müasir tibbi cihazlar və müntəzəm analizlər sağlamlıq vəziyyətini izləməyə kömək etsə də, autoimmun xəstəliklərin ilkin mərhələləri uzun müddət heç bir əlamət verməyə bilər. Bu səbəbdən belə xəstəliklərin aşkarlanması üçün xüsusi laborator müayinələr və biopsiya tələb olunur.
Həkimlər hesab edirlər ki, Brayan Consonun hekayəsi sağlam həyat tərzinin vacibliyini göstərsə də, onun bütün xəstəliklərdən qorunmağa zəmanət vermədiyini bir daha ortaya qoyur. Biohaking müəyyən riskləri azalda bilər, lakin genetik və immunoloji mexanizmləri tam nəzarətdə saxlamaq mümkün deyil.
Oxşar xəbərlər
Türkiyə Nazirlər Kabineti NATO sammiti və regional məsələləri müzakirə edəcək
Türkiyə Nazirlər Kabineti iyulun 13-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda ölkə və region üçün aktual olan bir sıra mühüm məsələlə...