Mərkəzi Kəşfiyyat İdarəsi Kennediyə sui-qəsdlə bağlı sənədi gizlətməyə çalışıb

Mərkəzi Kəşfiyyat İdarəsi Kennediyə sui-qəsdlə bağlı sənədi gizlətməyə çalışıb
Dünya 101

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Avstraliya xüsusi xidmət orqanları SSRİ-nin 1963-cü ildə ABŞ prezidenti Con Kennediyə qarşı sui-qəsdin hazırlanmasında mümkün roluna dair sənədin açıqlanmasının qarşısını almağa çalışıblar.

BAKU.WS xəbər verir ki, bu sənədlər ABŞ Milli Arxivinin saytında yayımlanıb.

MKİ-yə ünvanlanan məktubda bildirilir ki, Uorren komissiyasına aid CD-971 sənədinin məxfiliyinin qorunması tövsiyə edilir. Həmçinin qeyd olunur ki, sənədin dərc olunması ilə bağlı təzyiqlər gözlənilsə də, bu, baş verməyib.

Sözügedən sənəd Kennedinin qətlə yetirilməsindən bir neçə gün sonra ABŞ-nin Avstraliyanın paytaxtı Kanberradakı səfirliyinə edilən anonim zənglə bağlıdır. Zəng edən şəxs SSRİ səfirliyində işləyən polyak sürücü olduğunu iddia edərək, Sovet hökumətinin Kennediyə qarşı sui-qəsdi maliyyələşdirdiyini və bu cinayət üçün 100 min dollar mükafat təyin edildiyini bildirib.

Sənədin o dövrdəki MKİ direktoru Riçard Helms tərəfindən Uorren komissiyasının hüquqşünası Li Rankinə göndərildiyi qeyd olunur. Həmçinin, 1962-ci ildə buna bənzər anonim zəngin edildiyi, lakin həmin məlumatın yalnız Kennedinin öldürülməsindən sonra üzə çıxdığı vurğulanıb.

Avstraliya hakimiyyəti zəng edən şəxsin psixoloji problemləri ola biləcəyini və onun şəxsiyyətini müəyyən edə bilmədiklərini açıqlayıb. Buna baxmayaraq, MKİ və Avstraliya 1968-ci ildə sənədin açıqlanmasına qarşı çıxıblar.

Qeyd edək ki, bundan əvvəl ABŞ Kennediyə qarşı sui-qəsdlə bağlı bəzi sənədləri ictimaiyyətə təqdim edib.

Son xəbərlər