"Masdar" müxtəlif ölkələrin enerji sistemlərinin birləşdirilməsi üçün üç əsas şərti açıqlayıb
Müxtəlif regionların enerji sistemlərinin ümumi şəbəkəyə inteqrasiyası dövlətlərə bərpa olunan enerji mənbələrindən istifadəni əhəmiyyətli dərəcədə genişləndirmək imkanı verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə "Masdar" şirkətinin biznes və layihələrin inkişafı üzrə direktoru Abdulla Zayed 31-ci Bakı Enerji Forumunda çıxışı zamanı bildirib.
"Öz enerji sistemlərini birləşdirməyə can atan bütün dövlətlər arasında siyasi konsensusun olması zəruridir. Hesab edirəm ki, energetika nazirinin müavininin (Orxan Zeynalov - red.) də qeyd etdiyi kimi, belə bir razılıq hazırda mövcuddur. Biz hökumətlər və dövlətlər tərəfindən qarşılıqlı bağlantılar, onların əhəmiyyəti, eləcə də enerji təhlükəsizliyinin və əlaqəli məsələlərin təmin olunması ilə bağlı aparılan danışıqlarda əhəmiyyətli fəallıq müşahidə edirik.
Bu, bütün maraqlı tərəflərin – tənzimləyici orqanlardan və developerlərdən başlayaraq, bu cür təşəbbüslərə dəstək verməyə hazır olan maliyyə qurumlarına qədər hər kəsin iştirakını təmin etmək məqsədilə "yuxarıdan aşağıya" prosesinə başlamaq üçün zəruri olan əsas amillərdən biridir", - A. Zayed deyib.
"Masdar" nümayəndəsinin sözlərinə görə, ikinci prinsipial vacib element kommersiya strukturudur. "Bank sektoru üçün cəlbedici olan və bu vahid şəbəkənin fəaliyyətini təmin edən davamlı normativ-hüquqi baza formalaşdırmaq tələb olunur. Axı qarşılıqlı əlaqəlilik elektrik enerjisinin istehsalını, bilavasitə infrastrukturu, yarımstansiyaları, transformator avadanlığını və bütün əlaqədar elementləri əhatə edir.
Maliyyə cəhətdən davamlı strukturun formalaşdırılması bütün iştirakçı ölkələrdə əqdlərin və həyata keçirilən layihələrin həcminin artmasını təmin edəcək. Bu, developerlərə və investorlara maliyyə cəlb etmək imkanı verəcək ki, bu da həm generasiya güclərinin artırılmasını, həm də elektrik verilişi xətləri və digər obyektlər daxil olmaqla zəruri şəbəkə infrastrukturunun inşasını əlavə olaraq sürətləndirəcək", - A. Zayed əlavə edib.
O, qeyd edib ki, üçüncü element texniki komponent, xüsusən də elektrik enerjisinin nəqli məsələləridir və onun qiymətləndirməsinə görə, bu, ən kritik əhəmiyyətə malik aspektdir.
"Bir çox dövlətlər bərpa olunan enerjinin genişmiqyaslı inkişafına can atırlar, lakin öz enerji şəbəkələrinin hazırkı vəziyyəti və hələlik səmərəli şəkildə idarə edə bilmədikləri BOEM (bərpa olunan enerji mənbələri) generasiyasının qeyri-sabitliyi səbəbindən belə bir imkana malik deyillər. Regionların ümumi enerji şəbəkəsinə inteqrasiyası dövlətlərə artıq iqtisadi cəhətdən sərfəli elektrik enerjisi mənbəyi kimi özünü doğrultmuş BOEM-ləri daha aktiv şəkildə tətbiq etməyə imkan verəcək. Nəticədə bu, müxtəlif regionlarda enerjinin qiymət əlçatanlığının artmasına və məcmu şəbəkə infrastrukturunun optimallaşdırılmasına gətirib çıxaracaq.
Lakin bu niyyətin həyata keçirilməsi üçün üçüncü ən vacib komponent birləşmiş şəbəkənin bütün iştirakçıları arasında elektrik enerjisinin dövlətlərarası ötürülməsinin düzgün planlaşdırılmasıdır. Ölkələr ilkin mərhələdə dəqiq bir plan işləyib hazırlamalı və proqnoz qiymətləndirmələri aparmalıdırlar: müxtəlif enerji dəhlizləri üzrə hər bir dövlət tərəfindən məhz hansı həcmdə tələb və təklif formalaşdırılacaq", - Ə. Zayed vurğulayıb.
Oxşar xəbərlər
ABŞ Dövlət katibi: Nüvə enerjisi istəyən qayanın altında uranı 60%-ə qədər zənginləşdirmir
Vaşinqton administrasiyası müəyyən şərtlər daxilində İranın nüvə enerjisindən istifadə etmək imkanına malik olacağına razılaşmağa hazırdır. BAKU.WS "Report"a is...