KİV: Gürcüstanın yüksək vəzifəli məmuru kütləvi elektrik kəsintisindən sonra istefa verib

KİV: Gürcüstanın yüksək vəzifəli məmuru kütləvi elektrik kəsintisindən sonra istefa verib
Dünya 16

Gürcüstanın Dövlət Elektrik Sisteminin rəhbəri Vano Zardiaşvili iyul ayında ölkədə baş verən genişmiqyaslı elektrik kəsintilərinin araşdırılması fonunda vəzifəsindən istefa verib.

BAKU.WS "gazeta.ru"ya istinadən xəbər verir ki, Zardiaşvili istefa ərizəsini ötən cümə günü yazıb. Lakin Gürcüstanın İqtisadiyyat Nazirliyi bu xəbəri təsdiqləməyərək onun hazırda məzuniyyətdə olduğunu bildirib. Dövlət Elektrik Sistemindən də eyni açıqlama verilib.

Enerji sektorundakı mənbələrin məlumatına əsasən, artıq quruma yeni rəhbərin seçildiyi iddia olunur. Bildirilir ki, bu vəzifəyə hazırda şirkətdə qazın nəqlinə cavabdeh olan David Vardiaşvili gətiriləcək.

Qeyd edək ki, hakim "Gürcü Arzusu" partiyasından sabiq deputat olan Vano Zardiaşvili 2025-ci ildə Dövlət Elektrik Sisteminin rəhbəri təyin edilmişdi. O, bundan əvvəl dörd il həmin qurumda hüquq, ekologiya və sosial məsələlər üzrə direktor vəzifəsində çalışıb.

Xatırladaq ki, iyulun 24 və 25-də Gürcüstanda iki dəfə genişmiqyaslı elektrik enerjisi kəsintisi baş verib. İlk hadisə nəticəsində Tbilisi, Batumi, Kutaisi, Rustavi və digər şəhərlərdə elektrik enerjisi kəsilib, ölkə üzrə enerji istehlakı 1860 MVt-dan 564 MVt-a düşüb.

Elektrik kəsintisi infrastrukturun fəaliyyətində ciddi problemlər yaradıb. Su təchizatı nasos stansiyaları dayanıb, Tbilisi və Rustavidə təxminən 300 min abonent susuz qalıb. Metro qatarlarının hərəkəti dayanıb, Tbilisi-Batumi marşrutu üzrə gecə qatarı isə təxminən üç saat gecikib.

Bundan başqa, Gürcüstanda Qardabani-Tbilisi dəmir yolu sahəsində elektrik enerjisi təchizatında problem olduğundan Bakı-Tbilisi qatarının hərəkətində gecikmə qeydə alınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər