Kallas: Ukrayna ilə bağlı istənilən sülh sazişi Kiyev və Avropa İttifaqının dəstəyini almalıdır

Kallas: Ukrayna ilə bağlı istənilən sülh sazişi Kiyev və Avropa İttifaqının dəstəyini almalıdır
Dünya 17

Rusiya və Ukrayna arasında hər hansı sülh razılaşmasının şərtləri həm Kiyevin, həm də Avropa İttifaqının dəstəyini almalıdır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər üzrə ali nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Brüsseldə Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasının yekununda bəyan edib.

Jurnalistlərin Ukraynada sülh yolu ilə nizamlanmaya dair ABŞ-nin yeni planı ilə bağlı suallarını cavablandıran Kallas vurğulayıb ki, "hansısa yeni plan" barədə söhbətlər artıq dəfələrlə səslənib.

"Qeyd etməliyəm ki, nazirlər bu xəbərləri kifayət qədər sakit qarşıladılar, çünki biz əvvəllər də oxşar təşəbbüsləri görmüşük, həm də ona görə ki, heç bir sülh planı avropalıların və ukraynalıların razılığı olmadan işləyə bilməz. Buna görə də bu gün müzakirəni öz fəaliyyətimiz və gələcək kursumuz üzərində cəmlədik", – deyə Kallas bildirib.

Onun sözlərinə görə, Aİ-nin iki bənddən ibarət planı var: biri Rusiyaya təzyiq göstərmək və onu zəiflətmək, digəri isə Ukraynanı dəstəkləməkdir. "Bu gün biz kölgə donanması ilə necə işləmək barədə çox intensiv müzakirə apardıq, çünki görüşdə Avropa kəşfiyyatının rəhbəri də iştirak edirdi", – deyə Avropa diplomatiyasının rəhbəri əlavə edib.

Kallas söyləyib ki, Avropa Kəşfiyyat Mərkəzinin rəhbəri və Aİ-nin sanksiyalar üzrə nümayəndəsi məhdudlaşdırıcı tədbirlərin təsiri ilə bağlı məlumat təqdim ediblər:

"Göstəricilər kifayət qədər aydındır: Rusiyanın xam neft ixracı son ayların ən aşağı səviyyəsinə düşüb, neft vergilərindən gəlirlər isə müharibənin başlanğıcından bəri minimum həddə enib. Sanksiyalar Rusiyaya ciddi zərbə vurur və onların təsiri daha da güclənəcək".

Son xəbərlər