İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir

İtaliyada enerji və nəqliyyat xərclərinin kəskin artımı gözlənilir
Dünya 16

İtaliya Yaxın Şərqdə davam edən böhran fonunda qiymət artımının yeni mərhələsi ilə üzləşə bilər. Artımın əsasən enerji və nəqliyyat sahələrində hiss olunacağı bildirilir.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, mütəxəssislərin qiymətləndirməsinə görə, əlverişsiz ssenari baş verərsə, elektrik enerjisi xərcləri 13 faizdən çox, qaz xərcləri isə 43 faizə qədər arta bilər. Artıq biznes sektorunda ciddi artım müşahidə olunur. 2019-cu illə müqayisədə elektrik xərcləri 29 faiz, qaz xərcləri isə 70 faizdən çox yüksəlib.

Xüsusilə xidmət sahəsində fəaliyyət göstərən müəssisələr daha çox zərər görür. Otellər üçün aylıq əlavə xərclər elektrik üzrə 900 avroya, qaz üzrə isə 1000 avroya çata bilər. Bar, restoran və mağazalarda da xərclərin yüzlərlə avro artacağı gözlənilir.

Qiymət artımı əsasən Yaxın Şərqdəki gərginlik və Hörmüz boğazı ətrafında mümkün təchizat problemləri ilə əlaqələndirilir. Analitiklərin hesablamasına görə, təxminən 27,7 milyon italyan ailəsi ildə orta hesabla 350 avroya qədər əlavə xərclə üzləşə bilər. Artıq bazarlarda meyvə-tərəvəz qiymətləri 30 faiz bahalaşıb və bu artımın 50 faizi keçə biləcəyi qeyd olunur.

Ölkə iqtisadiyyatına ümumi təsirin 9,3 milyard avro olacağı proqnozlaşdırılır. Ən böyük yükün Roma, Milan və Neapol kimi iri şəhərlərə düşəcəyi bildirilir.

Eyni zamanda yanacaq qiymətləri də sürətlə artır. Neftin qiyməti təxminən 46 faiz, qazın qiyməti isə 60 faizdən çox bahalaşıb. Bu isə benzin və dizelin qiymətinə birbaşa təsir edir.

Nəqliyyat sahəsində də ciddi artım gözlənilir. Pasxa bayramı ərəfəsində ölkədaxili aviabiletlərin qiyməti rekord həddə, 400 avroya qədər yüksəlib. Dəmir yolu ilə səyahət də ucuz deyil: ölkənin cənub istiqamətinə bir istiqamətli biletlər 140-185 avro arasında dəyişir.

Ekspertlər qiymət artımını həm bayram ərəfəsində tələbatın artması, həm də beynəlxalq vəziyyət fonunda yanacağın bahalaşması ilə izah edir. Qeyd olunur ki, gərginlik davam edərsə, yaxın aylarda qiymət artımı daha da dərinləşə bilər.

Son xəbərlər