Ford süni intellektə görə işdən çıxardığı mühəndisləri yenidən işə götürdü
ABŞ-nin avtomobil istehsalçısı Ford süni intellektə əsaslanan avtomatik keyfiyyətə nəzarət sistemlərinin gözlənilən nəticəni verməməsindən sonra yüzlərlə təcrübəli mühəndisi yenidən işə qəbul edib.
BAKU.WS xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Məlumata görə, şirkət son üç il ərzində müəssisə daxilində "boz saqqallılar" adlandırılan 350-dən çox təcrübəli mühəndisi yenidən işə qaytarıb. Onlar istehsal xəttinə çatmazdan əvvəl mümkün nasazlıqları müəyyənləşdirir, həmçinin süni intellekt sistemlərinin hazırlanması və təkmilləşdirilməsində iştirak edirlər.
Fordun baş əməliyyat direktoru Kumar Qalhotra bildirib ki, şirkət avtomatik keyfiyyətə nəzarət sistemlərinə həddindən artıq etibar edib.
"İstədiyimiz nəticəni əldə edə bilmədik. Təcrübəli mütəxəssisləri geri qaytardıq və onlar problemləri istehsal xəttinə çatmadan əvvəl aşkarlamağa başladılar", – deyə o qeyd edib.
Şirkət istehsalın səmərəliliyini artırmaq üçün süni intellekt texnologiyalarına investisiya yatırmağa davam etsə də, mürəkkəb keyfiyyət problemlərinin həllində insan təcrübəsi və peşəkar qiymətləndirmənin hələ də əvəzolunmaz olduğunu etiraf edib.
Təcrübəli mühəndislərin geri qayıtmasından sonra Fordun keyfiyyət göstəricilərində də irəliləyiş qeydə alınıb. J.D. Power şirkətinin yeni avtomobillərin keyfiyyətini qiymətləndirən son araşdırmasına əsasən, Ford 16 ildən sonra ilk dəfə kütləvi avtomobil markaları arasında birinci yerə yüksəlib.
Bununla yanaşı, şirkət əvvəlki model avtomobillərindəki keyfiyyət problemlərinə görə ABŞ-də ən çox avtomobil geri çağıran istehsalçılardan biri olaraq qalır. Ford rəhbərliyi bunun əsas səbəbinin insan resursları deyil, keçmişdə tətbiq olunan avtomatlaşdırma sistemlərindəki çatışmazlıqlar olduğunu bildirib.
Fordun avtomobil avadanlıqları mühəndisliyi üzrə vitse-prezidenti Çarlz Pun isə vurğulayıb ki, süni intellekt güclü vasitə olsa da, təkbaşına kifayət etmir.
Onun sözlərinə görə, süni intellektin uğuru onu öyrədən məlumat və insan təcrübəsindən asılıdır. Şirkət yalnız sistemi işə salmaqla yüksək keyfiyyətli məhsul əldə edəcəyini düşündüyünü, lakin bu yanaşmanın düzgün olmadığını etiraf edib.
Ford bundan sonra süni intellektdən insan təcrübəsi və nəzarəti ilə birlikdə istifadə etməyə davam edəcəyini açıqlayıb.
Oxşar xəbərlər
Trampın gəlirlərində kriptovalyuta ilk dəfə daşınmaz əmlakı geridə qoyub
ABŞ Prezidenti Donald Tramp 2025-ci il üzrə maliyyə bəyannaməsində kriptovalyuta əməliyyatlarından 1 milyard dollardan çox gəlir əldə etdiyini açıqlayıb. BAKU.W...