Donetskdə sevimli nənəsi ilə düşmən olan döyüşçü: Müharibənin parçaladığı ailə
Sürücünün qəfil əyləci basması ilə qapını açıb özünü çölə tullaması bir oldu. Bayaqdan aramla şütüyən mikroavtobusda mehribanlıqla söhbət edirdik.
İkisinin arasında əyləşmişdim - sürücü ilə Romanın ortasında. Sağımda oturan Roman da maşından yerə atılan kimi tapançasını çıxarıb dalbadal yan istiqamətə atəş açmağa başladı və eyni zamanda böyürtkən koluna tərəf yüyürdü.
5-10 dəqiqə keçməmiş Roman tələsik addımlarla kolluqdan çıxıb bizə tərəf gəldi.
Yanımıza çatanda əsəbi halda dedi:
- Əclafları qaçırtdım.
Mən soruşdum:
- Hansı əclaflar? Nə oldu birdən-birə?
- Diversiya idi. O kolluqdan bizi nişan almaq istəyirdilər (sağ tərəfdəki böyürtkən kollarını göstərir - red.) Vaxtında gördüm, amma heyf, əldən buraxdım...
Sürücü Romanın əsgəri idi. Hər ikisi Donbasda Ukraynanın döyüş bölmələrinin hərbçiləri idilər. Pokrovskdan Severski istiqamətində gedirdik. Yolüstü mən də reportajlar hazırlamalıydım. 2022-ci ilin payızı olsa da Donetsk vilayətində havalar hələ də isti idi.
Yolumuza davam etdik...
Hərbçilərlə cəmi bir gün əvvəl tanış olmuşdum. Dneprpetrovsk vilayət administrasiyasında bir tanışım vasitəsilə xahiş etmişdim ki, bu ərazilərdə çəkilişlər aparmaq üçün mənə bələdçilik etsinlər.
Roman əslən Donetsk vilayətinin Pokrovsk rayonundandır. Ata nənəsi milliyətcə rusdur. Amma qəribədir ki, həyatda qalan yeganə nənəsi - ukraynalı ana nənəsi Donetsk vilayətinin separatçıların nəzarətində olan Avdeevka rayonunda qalıb, orada yaşayır. Deməyinə görə, həmin nənəsi elə oradakı qondarma hakimiyyətin əsas tərəfdarlarındadır.
Yeri gəlmişkən qeyd eləyim ki, Ukraynada belə hallar çoxdur. Özü Ukrayna tərəfdə qalıb döyüşən, qohum-qardaşının isə qarşı tərəfdə olması halları yetərincədir. Məsələn, Donetsk vilayətinin 2024-cü ilə qədərki qubernatoru, hazırda isə Ukrayna Dövlət Antimonopoliya Komitəsinin sədri Pavel Kirilenkonun doğma qardaşı tanınmayan Donetsk Xalq Respublikasının "Dövlət Təhlükəsizlik Komitəsi"nin sədr müavinidir.
Yol yoldaşlarımın - Romangilin dəstəsi daha çox qarşı tərəfdə kəşfiyyat-diversiya əməliyyatlarını həyata keçirirlər. Yəni düşmən arxasına keçirlər. Belə vəziyyətdən istifadə edib hətta Avdeevka ətrafında yaşayan nənəsi ilə də görüşə bilib. Bunu eşidəndə heyrətimi gizləyə bilmədim:
- Risk etmisiniz. Bəs orada yaşayan nənənizlə görüş necə keçdi?
- Düzdür, riskli idi. Amma keçirdiyimiz əməliyyatlar bundan da risklidir. Nənəmlə bir neçə dəfə belə gizlin görüşmüşəm. O, məni düz 14 yaşıma qədər yanında saxlayıb. Bir-birimizi çox sevirik. Açığını deyim, nənəm üçün çox darıxıram.
- Amma o qarşı tərəfin...
Sözümü bitirməyə qoymadı:
- Bilirəm. Ona çox izah etmişəm, Hətta bir dəfə bura gətirmək üçün təkid elədim, xeyri olmadı. Gizlin qaçırıb bu tərəfə gətirmək istəyirdim. İnadından dönmədi, gəlmək istəmədi. Hətta bir dəfə məni hədələdi ki, əgər yenə getməsinə israr eləsəm, separatçılara zəng etməli olacaq.
- Belə çıxır ki, doğma nənəniz düşməninizin cərgəsindədir.
- Bunu belə deməyə dilim gəlmir.
- Amma həqiqətdir..
- Acı həqiqətdir. Ancaq mən nənəmə qıymaram. Özü də bu yaşında. O da məni ələ verməz. Ona görə hər dəfə ora keçəndə onunla orada belə rahat görüşə bilirəm.
Romanın dəstəsində iki nəfər vardı ki, daim onun yanında olurdular: Aleksandr və Nikita. Deyir, onlar mənim sağ və sol qollarımdır.
Severskə çatanda da bizi onlar qarşıladılar, çəkilişlərdə mənə bələdçilik etdilər. Onların müşayiəti ilə ən təhlükəli yerlərə qədər yaxınlaşıb, iki süjet hazırladım. Baxmayaraq ki, yaxınlıqda olan Rusiya ordusu dayanmadan minaatanlardan zərbələr endirirdi.
Roman deyir, kiçik qruplu əməliyyatlara da Aleksandr və Nikita ilə gedir. Hətta düşmən tərəfdə qalan nənəsi də onları tanıyır. Bir sözlə, Aleksandr və Nikita onun ailəsinin üzvlərinə çevriliblər.
Çəkilişlərim bitdi. Severskidən geri döndük. Aleksandr və Nikita da bizimlə qayıtdılar. Pokrovska çatanda axşam düşmüşdü. Roman təklif etdi ki, burada qalım, ərazidəki ata evi boşdur və adətən özü də Pokrovskda olan zaman burada gecələyir. Dedi ki, gecə yola düşməkdənsə sabah tezdən Dnepri keçməklə Kiyevə qayıdım. Real vəziyyəti nəzərə alıb razılaşdım. Axşam saat 6-7 radələri olsa da şəhərə çıxmaq istəmədim. Roman da zirzəmidə yaxşı içkilərinin olduğunu bildirdi. Mən, Roman, Aleksandr və Nikita mənzilə qalxdıq. Sürücü isə çıxıb getdi.
Elə yenicə masa ətrafında əyləşmək istəyirdik ki, birdən xüsusi rabitəqəbuledici ilə Romana çağırışlar gəldi. Qəbuledicini götürüb bayıra çıxdı. 2-3 dəqiqə keçmişdi ki, aşağıdan Aleksandr və Nikitanı da çağırdı. Onlara da tez aşağı düşdülər. Beş-on dəqiqə sonra Roman qayıtdı. Əsəbi və təlaşlı idi.
"Nə olub? Uşaqlar harada qaldı?", - deyə Aleksandr və Nikitanı soruşdum.
- Hər şey qaydasındadır. Onları tapşırığa yolladım. İmkan verirlər ki, bircə saat heç olmasa nəfəs dərək?
Bunu deyib, masadakı butulkanı götürüb hər ikimizə içki süzdü. Söz verdi ki, iki-üç günə Kiyevə gələcək. Mən də ona söz verdim ki, Kiyevdə Azərbaycan mətbəxli kafelərin birində onu qonaq edərəm.
Səhəri gün Dneprə gedib, oradan da Kiyevə qayıtdım. Bir həftə keçdi, amma Romandan xəbər çıxmamışdı. "WhatsApp" üzərindən ona mesaj yazdım. Axşama doğru özü zəng elədi. Səsi tonu olduqca narahat və əsəbi olmasını sezdirirdi. Məlum oldu ki, o gün tapşırığa çıxan Aleksandr və Nikitadan hələ də xəbər yoxdur. Əlaqə kəsilib.
Təəssüf və narahatlıqla soruşdum:
- Sirr deyilsə, hansı istiqamətdə itkin düşüblər?
Tərəddüdsüz cavab verdi:
- Avdeevka ətrafında. Nənəm yaşayan qəsəbənin yaxınlığında.
Daha heç nə soruşmadım.
Roman bir ildən çoxdur aldığı yara səbəbindən ordudan tərxis olunub, artıq xidmət etmir...
Qalereya
Oxşar xəbərlər
Husilər müharibəyə qoşuldu - İsrailə raket atıldı
Yəmənin "Ənsarullah" hərəkatı İsrailin cənubundakı hərbi hədəflərə ballistik raketlərlə zərbələr endirib. BAKU.WS xəbər verir ki, bu barədə TASS məlumat yayıb....