Braziliya ABŞ rəsmilərinə viza vermədi: Səbəb seçki prosesi ilə bağlıdır
Braziliya hökuməti oktyabr ayında keçiriləcək prezident seçkiləri öncəsi ölkəyə gəlmək istəyən ABŞ Dövlət Departamentinin iki nümayəndəsinin viza müraciətini rədd edib.
BAKU.WS xəbər verir ki, bu barədə Braziliyanın dövlət xəbər agentliyi Agencia Brasil məlumat yayıb.
Məlumata görə, ABŞ Dövlət Departamentinin Demokratiya, İnsan Hüquqları və Əmək Bürosunun rəhbər müavini Rayli Barns və həmin qurumun rəhbər vəzifəsini icra edən Samuel Samson seçki rəsmiləri ilə görüş keçirmək məqsədilə Braziliyaya səfər etməyi planlaşdırırdılar.
Braziliya Xarici İşlər Nazirliyi bildirib ki, ABŞ nümayəndələri ölkədə seçki prosesi zamanı ifadə azadlığı ilə bağlı məsələləri müzakirə etmək niyyətində olsalar da, səfərin məqsədi uyğun hesab edilmədiyi üçün viza müraciətləri təmin edilməyib.
Yerli KİV-in məlumatına görə, Braziliya hökuməti bu səfərin seçki prosesinin siyasiləşdirilməsinə səbəb ola biləcəyini nəzərə alaraq ABŞ rəsmilərinin ölkəyə girişinə icazə verməyib.
Qeyd olunub ki, Braziliya seçkilər zamanı beynəlxalq müşahidəçiləri qəbul etmək ənənəsinə malikdir. Lakin ABŞ nümayəndələrinin müşahidəçi qismində deyil, fərqli məqsədlə ölkəyə gəlmək istədiyi bildirilib.
Məsələ keçmiş prezident Jair Bolsonaronun oğlu, senator Flavio Bolsonaronun Braziliyada istifadə olunan elektron səsvermə sisteminin Venesuela mənşəli Smartmatic şirkəti tərəfindən təmin edildiyini sübut təqdim etmədən iddia etməsindən sonra gündəmə gəlib.
Braziliya Ali Seçki Məhkəməsi isə bu iddianı təkzib edərək, Smartmatic şirkətinin ölkədə istifadə olunan elektron səsvermə avadanlıqları və ya proqram təminatı ilə heç vaxt əlaqəsinin olmadığını açıqlayıb.
Oxşar xəbərlər
Çində "Noul" tayfunu: 715 mindən çox insan təxliyə edildi
Çinin cənubundakı Quanqdon əyalətində təsirini göstərən "Noul" tayfunu səbəbindən yüz minlərlə sakin təhlükəsiz ərazilərə köçürülüb. BAKU.WS xəbər verir ki, bu...