Alimlər Yer üzündə həyatın nə vaxt sona çata biləcəyini hesablayıblar

Alimlər Yer üzündə həyatın nə vaxt sona çata biləcəyini hesablayıblar
Dünya 67

Alimlər Yer kürəsində həyatın mövcudluq müddəti ilə bağlı yeni araşdırmanın nəticələrini açıqlayıblar. Hesablamalara əsasən, planetdə bitki aləmi təxminən 1,8 milyard il daha mövcud ola bilər.

BAKU.WS xəbər verir ki, araşdırma ABŞ-nin Kolorado Universitetinin Boulder kampusunun və Seattle şəhərində fəaliyyət göstərən "Blue Marble Space" şirkətinin mütəxəssisləri tərəfindən aparılıb.

Tədqiqat zamanı temperatur, yağıntı, buludluluq, okeanların vəziyyəti və atmosfer dövranı kimi amilləri nəzərə alan üçölçülü iqlim modeli hazırlanaraq Yerin növbəti iki milyard il ərzində necə dəyişəcəyi proqnozlaşdırılıb.

Alimlərin qənaətinə görə, zaman keçdikcə Günəş qocalacaq və onun parlaqlığı tədricən artacaq. Bunun nəticəsində Yer üzündə orta temperatur yüksələcək, bitkilərin fotosintez üçün ehtiyac duyduğu karbon qazının miqdarı isə azalacaq.

Mütəxəssislər bildirirlər ki, bu proses uzun müddət ərzində bitki növlərinin böyük hissəsinin məhv olmasına səbəb olacaq. Yalnız quraqlığa daha davamlı olan bitkilər, o cümlədən kaktuslar və xüsusi fotosintez mexanizminə malik bəzi növlər daha uzun müddət yaşaya biləcəklər.

Tədqiqat çərçivəsində iki fərqli ssenari nəzərdən keçirilib. Birinci ssenaridə karbon qazının dağ süxurları tərəfindən tədricən udulması, ikinci ssenaridə isə karbonun səviyyəsinin sabit qalması və əsas amil kimi temperaturun artması qiymətləndirilib.

Hesablamalar göstərib ki, Yerin bitki biosferi təxminən 1,8 milyard il ərzində mövcudluğunu davam etdirə bilər. Bu göstərici əvvəlki bəzi elmi proqnozlarla müqayisədə daha uzun müddəti əhatə edir.

Alimlərin fikrincə, bundan sonra Günəşin parlaqlığının daha da artması nəticəsində Yer tədricən okeanlarını itirəcək və həyat üçün əlverişsiz planetə çevriləcək.

Bununla belə, tədqiqat müəllifləri vurğulayıblar ki, modeldə bitkilərin gələcək təkamülü və bəşəriyyətin inkişaf etdirə biləcəyi yeni texnologiyalar nəzərə alınmayıb. Onların sözlərinə görə, bu amillər həyatın mövcudluq müddətini dəyişə bilər.

Mütəxəssislər istisna etmirlər ki, gələcəkdə bəzi bitkilər yeni şəraitə uyğunlaşa, həyat isə atmosferin yuxarı qatlarına və hətta Yerin hüdudlarından kənara yayıla bilər. Bundan əlavə, alimlər Günəşdən gələn şüalanmanın süni şəkildə azaldılması imkanlarını da araşdırırlar. Lakin bu cür texnologiyaların mümkün nəticələri hələ tam öyrənilməyib.

Araşdırmanın yekununda alimlər Yer üzündə həyatın düşündüyümüzdən daha dayanıqlı olduğunu bildiriblər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər