Alimlər Venesuelada baş verən ikiqat zəlzələnin səbəbini açıqlayıblar

Alimlər Venesuelada baş verən ikiqat zəlzələnin səbəbini açıqlayıblar
Dünya 23

Venesuelanın şimal sahillərində baş verən dağıdıcı ikiqat zəlzələnin yaranma səbəbi açıqlanıb. Alimlərin fikrincə, bu hadisə "tektonik duplet" adlanan nadir seysmik proses nəticəsində baş verib.

BAKU.WS xəbər verir ki, seysmoloqların məlumatına görə, ilk zəlzələ 7,2, ondan cəmi 39 saniyə sonra baş verən ikinci təkan isə 7,5 maqnitudalı olub.

İki güclü zəlzələ nəticəsində paytaxt Karakas və ətraf ərazilərdə geniş dağıntılar qeydə alınıb. İlkin məlumatlara əsasən, 180-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb, minlərlə insan isə itkin düşmüş hesab olunur. Ən ciddi dağıntılar La-Quayra sahil bölgəsində qeydə alınıb.

ABŞ Geoloji Xidmətinin (USGS) mütəxəssisləri bildiriblər ki, belə hadisələr mürəkkəb tektonik qırılma zonalarında baş verir. Venesueladakı zəlzələ Karib və Cənubi Amerika tektonik plitələrinin qovşağında, Bokono qırılma xətti boyunca meydana gəlib.

Mütəxəssislərin sözlərinə görə, Karib plitəsi hər il təxminən 2 santimetr sürətlə Cənubi Amerika plitəsinə nisbətən şərq istiqamətində hərəkət edir. Bu proses Kaliforniyadakı məşhur San-Andreas qırılması ilə müqayisə olunur.

Seysmoloqlar qeyd edirlər ki, son 100 ildə bu bölgədə maqnitudası 6 və daha yüksək olan cəmi yeddi zəlzələ baş verib. Onlardan biri də 2025-ci ilin sentyabrında Karakasın qərbində qeydə alınmış oxşar ikiqat zəlzələ olub.

Alimlər zəlzələlərin dəqiq vaxtını əvvəlcədən proqnozlaşdırmağın mümkün olmadığını vurğulasalar da, yaxın günlərdə yeni yeraltı təkanların baş vermə ehtimalının yüksək olduğunu bildiriblər. Hesablamalara görə, növbəti bir həftə ərzində 4 maqnitudalı təkanın baş vermə ehtimalı 99 faiz, 6 maqnitudalı zəlzələnin baş vermə ehtimalı isə 24 faiz təşkil edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər