ABŞ və İran sülhə, yoxsa yeni müharibəyə hazırlaşırlar? - Pərdəarxası məqamlar
"ABŞ və İran qarşılıqlı şəkildə və davamlı zərbələr endirirlər. Bunun fonunda Prezident Donald Trampın eskalasiya ilə bağlı xəbərdarlıqları onu deməyə əsas verir ki, regionda genişmiqyaslı müharibənin yenidən başlaması ehtimalı getdikcə artır".
BAKU.WS xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova deyib.
O bildirib ki, Trampın vasitəçiliyi ilə əldə olunan atəşkəsin pozulması və Yaxın Şərqdə yeni raket hücumlarının başlaması fonunda İsrail də öz növbəsində bildirir ki, əgər İranın raketləri onun ərazisinə düşərsə, Tehran "tam güclə" cavab zərbələri ilə üzləşəcək:
"İran ABŞ-nin müttəfiqlərini hədəfə alır, ərəb ölkələrinə qarşı ballistik raket zərbələri endirir. Hücumların hədəfləri arasında Küveyt, Bəhreyn, həmçinin İordaniya da var. Burada narahatlıq doğuran məqamlardan biri ondan ibarətdir ki, Küveytdə elektrik və dəniz suyunun şirinləşdirilməsi zavodu hədəf seçilib. Bu isə şübhəsiz ki, su təhlükəsizliyi və əhalinin su təminatı baxımından ciddi əhəmiyyət kəsb edən məsələdir".
"Təbii ki, hücumların hədəfləri qədər həm də coğrafiyası genişlənir. Bu isə birbaşa regional qarşıdurmanın yenidən alovlanmasına səbəb ola bilər. Hətta belə xəbərlər var ki, ABŞ regiondakı hərbi mövqeyini gücləndirmək məqsədilə İsrailə onlarla əlavə hava yanacaqdoldurma təyyarəsi göndərməyi planlaşdırır. Deməli, İsrail və ABŞ arasında yenidən sıx koordinasiyanın şahidi oluruq. Təbii ki, bundan mülki infrastruktur da zərər görür. Donald Tramp bildirir ki, İranın atəşkəsə əməl etməməsi və Hörmüz boğazının açılması ilə bağlı razılaşmanı pozması onun üçün əhəmiyyət daşımır. Bu, siyasi taktikadır və şəxsi nüfuz baxımından da deyilmiş sözdür. Bununla belə, Trampın prosesdən narazı olduğu da görünür. Çünki nəticələr baxımından gözləntiləri doğrulmur. Daha əvvəl Trampın təzyiqləri nəticəsində aprel ayından etibarən İran və İsrail arasında birbaşa hücumların sayı azalmışdı. Lakin hazırda yenidən maksimum təzyiq siyasətinə keçildiyi müşahidə olunur. Elə buna görə də Tramp bildirir ki, "cəhənnəmin qapıları onların heç vaxt təsəvvür edə bilməyəcəyi qədər açılıb". Müharibə başlayandan bəri ABŞ qüvvələri üçün ən ağır itkilərdən biri də yaşanıb. Belə ki, İordaniyadakı ABŞ hərbi bazasına İranın endirdiyi zərbələr nəticəsində iki amerikalı hərbçinin həlak olmasından sonra vəziyyət daha da gərginləşib", - deyə ekspert vurğulayıb.
Onun sözlərinə görə, Tramp paralel olaraq siyasi və iqtisadi təzyiq mexanizmlərini də işə salmağa çalışır:
"O, Konqresdəki respublikaçı müttəfiqlərini Rusiyaya qarşı hazırlanan sanksiyalar paketinə İranı da daxil etməyə çağırır. Hətta bildirir ki, vaxtilə mərhum senator Lindsi Qrem də bunu istəyirdi. Qrem Respublikaçılar Partiyasının xarici siyasət və milli təhlükəsizlik məsələləri üzrə aparıcı simalarından biri olub. ABŞ-İsrail strateji tərəfdaşlığının qətiyyətli tərəfdarı kimi çıxış edirdi. O, həmçinin İrana, Rusiyaya və ABŞ-nin digər rəqiblərinə qarşı sərt siyasətin tərəfdarı olub və 2016-cı il prezident seçkiləri kampaniyasında Donald Trampı tənqid etməsinə baxmayaraq, sonradan Senatda onun ən yaxın siyasi müttəfiqlərindən birinə çevrilmişdi. Qanun layihəsi özlüyündə Rusiya neftini alan ölkələrə yüksək tariflərin tətbiqini nəzərdə tutur və əsasən Hindistan kimi iri idxalçılara təsir göstərə bilər".
"Müharibənin əvvəlindən Tramp İranın elektrik stansiyalarını, körpüləri və digər infrastruktur obyektlərini hədəfə ala biləcəyini də bəyan edirdi. ABŞ-nin əsas məqsədi İranın hərbi imkanlarını zəiflətmək, eyni zamanda ABŞ hərbçilərinin ölümünə görə SEPAH-ı cəzalandırmaqdır. ABŞ özü mülki obyektləri qəsdən hədəfə almadığını bildirsə də, son yayılan foto və videogörüntülər mülki infrastruktura ciddi ziyan dəydiyini əks etdirir. Şübhəsiz ki, bütün bu amillər Yaxın Şərqdə vəziyyətin yenidən gərginləşdiyini, eyni zamanda qarşıdurmanın əhatə dairəsinin genişləndiyini göstərir. Baş verən proseslər onu deməyə əsas verir ki, tərəflər arasında son dərəcə gərgin vəziyyət hökm sürür. Hətta Təl-Əviv bundan sonra preventiv və ya daha genişmiqyaslı hərbi əməliyyatlara üstünlük verə bilər", - politoloq əlavə edib.
Ş.Həsənova hesab edir ki, Yaxın Şərq yeni təhlükəsizlik arxitekturasının formalaşdığı mürəkkəb bir mərhələyə daxil olur:
"Qarşıdakı dövrdə hadisələrin inkişafı əsasən İranın növbəti addımlarından, ABŞ və İsrailin cavab strategiyasından, eləcə də regional aktorların bu prosesə hansı səviyyədə cəlb olunacağından asılı olacaq. Təbii ki, diplomatik kanallar qısa müddət ərzində yenidən işə salınmasa, lokal qarşıdurmanın genişmiqyaslı regional müharibəyə çevrilməsi ehtimalı əhəmiyyətli dərəcədə artacaq. Bununla yanaşı, mülki infrastrukturun hədəfə çevrilməsi beynəlxalq humanitar hüquq baxımından da ciddi suallar doğurur. Elektrik stansiyalarının, su təmizləyici qurğuların və digər həyati əhəmiyyət daşıyan obyektlərin vurulması humanitar böhranın dərinləşməsinə, region ölkələrində isə sosial sabitliyin sarsılmasına səbəb ola bilər. Vaşinqtonun İrana qarşı təkcə hərbi deyil, həm də iqtisadi təzyiq strategiyasını gücləndirdiyi müşahidə olunur. Çünki İranın beynəlxalq iqtisadi əlaqələrinin məhdudlaşdırılması da ABŞ-nin əsas hədəflərindən biridir. Digər tərəfdən, dəniz daşımalarına yaranan təhlükə qlobal enerji bazarları üçün ciddi risk yaradır. Deməli, münaqişə artıq yalnız hərbi müstəvi ilə məhdudlaşmır, eyni zamanda iqtisadi və enerji təhlükəsizliyi müstəvisində də özünü olduqca ciddi şəkildə özünü büruzə verir. Nəticə etibarilə Yaxın Şərqdə əldə olunmuş kövrək sabitlik artıq faktiki olaraq öz qüvvəsini itirmək üzrədir".
Oxşar xəbərlər
Tramp ABŞ-da Netanyahunun həbsi ilə bağlı heç bir təhdid olmadığını açıqlayıb
"İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ-da Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) qərarı ilə həbsi ilə bağlı heç bir təhdid yoxdur". BAKU.WS APA-ya istina...