ABŞ-də ucuz onlayn alış-veriş dövrü başa çatır – Çin məhsullarına 145%-dək vergi tətbiq olunur

ABŞ-də bu gündən etibarən qüvvəyə minən yeni gömrük rüsumları milyonlarla alıcını birbaşa təsirləndirəcək. Xüsusilə Çin mənşəli ucuz məhsullara tətbiq edilən yüksək vergilər onlayn alış-verişdə ciddi qiymət artımlarına səbəb olub.
BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, "Temu", "Shein" və "AliExpress" kimi Çin mərkəzli platformalardan edilən və 800 dollar məbləğindən aşağı olan sifarişlərə vergidən azadolma imkanı verən "de minimis" qaydası artıq qüvvədən düşüb. Bununla da illərdir davam edən ucuz alış-veriş dövrü sona çatıb.
Yeni qaydalara əsasən, UPS, FedEx və DHL kimi özəl kargo şirkətləri ilə göndərilən Çin məhsullarına 145%-ə qədər əlavə gömrük vergisi tətbiq olunacaq. ABŞ Poçt Xidməti (USPS) ilə gələn məhsullarda isə ya 120% vergi, ya da 100 dollar sabit rüsum alınacaq. Bu sabit məbləğin 1 iyun tarixindən etibarən 200 dollara qaldırılması nəzərdə tutulur.
ABŞ Gömrük və Sərhəd Mühafizəsi bildirib ki, yeni qaydalara hazırdırlar və göndəri sahələrində yoxlamaları artıracaqlar.
2022-ci ildə ABŞ-yə daxil olan onlayn sifarişlərin 80%-dən çoxu Çin və Honq Konqdan gələn və vergi azadolmasından yararlanan bağlamalardan ibarət olub. Təkcə ötən il bu çərçivədə ölkəyə 1,36 milyard paket daxil olub.
UCLA və Yale universitetlərinin birgə araşdırmasına görə, bu məhsulların 48%-i aşağı gəlirli bölgələrə, yalnız 22%-i isə yüksək gəlirli bölgələrə göndərilib.
"Shein" və "Temu" kimi platformalar qiymət artımlarına artıq başlayıblar. "Shein" bildirib ki, "Qlobal ticarət qaydalarındakı son dəyişikliklər səbəbindən əməliyyat xərclərimiz artıb və biz keyfiyyətdən güzəştə getmədən qiymətləri yenidən tənzimləmək məcburiyyətindəyik."
Kargo şirkətləri də artan iş yükünə qarşı tədbirlər görməyə başlayıb. "DHL" bildirib ki, sənəd proseslərinin artmasına görə heyət sayını artırıblar.
Yeni vergi qərarlarının gündəlik həyatda daha aydın şəkildə hiss ediləcəyi gözlənilir.

Oxşar xəbərlər
Husilər İsrail ərazisinə raket zərbəsi endirdiklərini açıqlayıblar
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrailin Hayfa şəhərində yerləşən hədəfə hipersəs ballistik raketlə hücum edib. BAKU.WS "Report"a istinadən xəbə...