82 ildir Atlantik okeanının dibində qalan 2,2 ton qızıl hələ də çıxarılmayıb

82 ildir Atlantik okeanının dibində qalan 2,2 ton qızıl hələ də çıxarılmayıb
Dünya 53

İkinci Dünya müharibəsi zamanı Atlantik okeanında batırılan Yaponiyaya məxsus I-52 sualtı qayığında daşınan təxminən 2,2 ton qızıl 82 ildir okeanın dibində qalır. Mütəxəssislərin hesablamalarına görə, xəzinənin bugünkü dəyəri 280 milyon ABŞ dollarından çoxdur.

BAKU.WS xəbər verir ki, 1944-cü il martın 10-da komandir Kameo Unonun rəhbərliyi ilə Yaponiyanın Kure limanından yola çıxan I-52 sualtı qayığı Almaniya ilə Yaponiya arasında strateji əhəmiyyət daşıyan yükü Fransaya çatdırmalı idi. Qızıldan əlavə, gəmidə volfram, molibden, qalay, kauçuk və müxtəlif hərbi təyinatlı materiallar da daşınırdı.

Lakin ABŞ-nin şifrələrin açılması ilə məşğul olan bölmələri sualtı qayığın marşrutunu əvvəlcədən müəyyən edib. 1944-cü il iyunun 23-nə keçən gecə USS Bogue aviadaşıyıcısından havaya qalxan Grumman TBF Avenger tipli təyyarənin hücumu nəticəsində I-52 torpedo ilə vurularaq Atlantik okeanının dərinliklərinə qərq olub.

Batığın yeri 1995-ci ildə amerikalı batıq tədqiqatçısı Pol Tidvellin rəhbərlik etdiyi ekspedisiya tərəfindən müasir sonar sistemlərinin köməyi ilə müəyyən edilib. Üç il sonra həyata keçirilən dalışlar zamanı sualtı qayığın gövdəsi görüntülənib, yükün bir hissəsi – o cümlədən tiryək qutuları və qalay külçələri aşkar edilib.

Araşdırmaçılar hesab edirlər ki, qızıl sualtı qayığın daha dərin və əlçatmaz hissəsində yerləşir. Batığın təxminən 5 200 metr dərinlikdə olması isə xilasetmə əməliyyatlarının həyata keçirilməsinə mane olur.

Bu səbəbdən təxminən 2,2 ton qızıl 82 ildir Atlantik okeanının dibində qalır. Mütəxəssislər bildirirlər ki, gələcəkdə dərin dəniz texnologiyalarının inkişafı yeni xilasetmə əməliyyatlarının aparılmasına imkan yarada bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər