SİZİN REKLAM BURADA!
055 213 76 73


İranda rejimin tətbiq etdiyi hicab qaydalarına qarşı keçirilən etiraz aksiyalarının başlamasından 100 gün ötür.

BAKU.WS report-a istinadən xəbər verir ki, etirazlar zamanı 69-u yeniyetmə olmaqla 503 nəfər öldürülüb.

Sentyabrın 17-dən dekabrın 19-dək 18 452 etirazçı həbs edilib. Onlardan yalnız 3 976 nəfərin kimliyi açıqlanıb. Həbs edilənlərin 652-si tələbədir. Tələbələrin iştirakı ilə şəhər və universitetlərdə 1 192 genişmiqyaslı etiraz aksiyası keçirilib.

Aksiyalarda 40 xarici ölkə vətəndaşı həbs edilib. Onlar iğtişaş yaratmaqda, İran əleyhinə fəaliyyət göstərməkdə ittiham olunurlar.

Son 100 gündə İranın bütün bölgələrində aksiyalar keçirilib. Etirazlar Güney Azərbaycanın şəhərlərində geniş yayılıb, soydaşlarımız küçələrə çıxaraq rejimə etiraz ediblər. Bu proses səngimək bilmir, əksinə, getdikcə daha da güclənir. Güney azərbaycanlılar əsasən “Azadlıq, ədalət, milli hökumət” şüarı səsləndirirlər.

Aksiyalarda, əsasən, “Qadın, həyat, azadlıq!”, “Yoxsulluq, korrupsiya, bahalıq, biz hakimiyyəti devirəcəyik!”, “Qana susamış Xameneiyə ölüm!”, “Xameneiyə ölüm, Xameneiyə lənət!”, “Biz mübarizə aparacağıq, öləcəyik, İranı geri qaytaracağıq!”, “Diktatora ölüm!”, “SEPAH-a ölüm!”, “BƏSİC-ə ölüm!”, “Körpə qatili hökumətə ölüm!”, “Yoldaşlarımın qanına and olsun, mübarizəni sonadək aparacağıq!”, “Qəddar Xamenei, səni torpağa basdıracağıq!”, “İllərlə cinayət edən belə rəhbərə lənət olsun!” və başqa şüarlar səsləndirilib.

Son hadisələr arasında ən vaciblərindən biri İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneinin bacısı qızı, hazırda Tehran əyalətinin Vəramin şəhərindəki Karçak həbsxanasında cəza çəkən Fəridə Muradxaninin hüquqlarının pozulması və saxlanma şəraitinə etiraz olaraq aclıq aksiyası keçirməsidir. Bu barədə onun qardaşı Mahmud Muradxani tvitter səhifəsində yazıb. O, Fəridə Muradxaninin ev dustaqlığına buraxılmasını tələb etdiyini də bildirib.

Qeyd edək ki, F.Muradxani noyabrın 23-də 15 il müddətinə azadlıqdan məhrum edilib.

Etirazların fonunda İranda diqqəti cəlb edən məqamlardan biri də müxtəlif cinayətlərdə ittiham olunan şəxslərlə bağlı məhkəmələrin çıxardığı edam qərarlarının icrasının sürətləndirilməsidir. İranda son bir ayda 80 nəfər dar ağacına çəkilib. Bundan başqa, 28 etiraz aksiyası iştirakçısı bu cəzaya məhkum olunub. İki aksiya iştirakçısı Möhsün Şekari və Məcidrza Rahnavərd barəsində çıxarılan edam hökmü icra olunub.

Həmid Qarahəsənli, Məhəmməd Mehdi Karmi, Seyid Məhəmməd Hüseyni, Rza Ariya və Hüseyn Məhəmmədi işgəncə altında irəli sürülən ittihamlara imza atıblar. Onlar barəsində ölüm hökmü çıxarılıb. Əslən Güney Azərbaycandan olan Həmid Qarahəsənlinin həyat yoldaşı Fərzan Qarahəsənli də işgəncələrə məruz qalaraq ittihamları qəbul edib. O, 25 il müddətinə azadlıqdan məhrum edilib. Həmid Qarahəsənli barəsində çıxarılan edam hökmünün icrasının təxirə salındığı bildirilib.

Etiraz aksiyaları başlayandan bəri İranı tərk edənlərin sayı da artıb. Onlar arasında hökumət məmurlarının, habelə əvvəllər vəzifə tutmuş şəxslərin özlərinin və ailə üzvlərinin olduğu bildirilir.

Məlumata görə, İran rəsmilərinin ailələri ölkədən qaçaraq əsasən Böyük Britaniyanın paytaxtı Londona sığınırlar. Bununla bağlı Britaniya parlamentində də məsələ qaldırılıb.

Rəsmi Tehran ölkədən qaçışın qarşısını almağa çalışır. Dekabrın 26-da İran parlamentində vəzifəli şəxslərin və əvvəllər vəzifə daşıyanların ölkədən çıxışına qadağa qoyulmasını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılacaq.

Beynəlxalq ictimaiyyət aksiyalara geniş dəstək verib, rejimin dinc nümayişlərin dağıdılması zamanı güc tətbiq etməsini, insanları öldürməsini, yaralamasını, həbs etməsini sərt formada qınayıb.

ABŞ Prezidenti Cozef Bayden Kaliforniyada çıxışı zamanı İrandakı etiraz aksiyalarını dəstəkləyənlərə xitabən deyib: “Narahat olmayın, biz İranı azad edəcəyik. Onlar tezliklə azad olacaqlar”.

ABŞ Konqresi İranın vəzifəli şəxslərinə qarşı Məsiha Əlinejat (HUNT Act) Qanunu qəbul edib. Onlar İranda insan hüquqlarını pozmaqda, aksiyalara zor tətbiq etməkdə təqsirli bilinərək sanksiyaya məruz qalıblar. Həmin vəzifəlilərin istənilən xarici bankla əlaqəsi qadağan edilib.

Böyük Britaniyanın Baş naziri Rişi Sunak İranda davam edən etirazlarla bağlı deyib ki, bu etirazlardan aldıqları mesaj çox aydındır, İran xalqı hökumətdən razı deyil: “Biz isə İran xalqının yanındayıq”. O, Tehran hakimiyyətinin İrandakı etirazları susdurmasını iyrənc hərəkət kimi qiymətləndirib.

Almaniya kansleri Olaf Şolts İran hakimiyyətinin addımlarını sərt şəkildə tənqid edib: “İran hakimiyyətinin etdikləri qəbuledilməzdir. Kim öz xalqına atəş açar? Onlar bunu edir”.

Dinc aksiya iştirakçılarına qarşı qəddar davranışına görə Avropa İttifaqı İrana yeni sanksiyalar qəbul edib.

BMT-nin Baş katibi Antoniu Quterreş etiraz aksiyalarına qarşı zorakılığı qınayıb.

BAKU.WS