SİZİN REKLAM BURADA!
055 213 76 73


“Xarkovda ağır döyüşlər gedir”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.

M. Ömərov bildirib ki, ilkin məlumata görə ruslar Xarkovun kənarında, 5 kilometrliyindədirlər: “Xarkovun bir girişindən isə artıq ruslar tanklarla daxil olub, döyüşlər gedir. Kim getmək istəyibsə, artıq gedib. Bu gün artıq heç yerə getmək mümkün deyil. Bu gün səhər tezdən Ali Rada hərbi vəziyyət elan olunması ilə bağlı Prezidenti qərarını qəbul etdi. Ruslar hərbi hava limanlarının hamısını vurublar. Yollarda böyük tıxaclar var, yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr var. Kim hara gedə bildirə, gedir. Xarkovun mərkəzində hələ bir problem yoxdur".

Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri qeyd edib ki, ilk öncə Xarkovdan 50 km kənarda olan hərbi aerodrom və 2 hərbi hissə vurulub: “Xarkovda 50 minə qədər azərbaycanlı yaşayır. Xarkov Ukraynada azərbaycanlıların ən çox yaşadığı bölgədir. Hələ ki, Xarkovda azərbaycanlılar arasında itki yoxdur. Xarkovda vəziyyət çətin, çox çətindir".

M. Ömərov qeyd edib ki, şəhərdə ictimai nəqliyyat işləyir, metrolar pulsuz olaraq fəaliyyət göstərir: ‘Kiməsə nəsə kömək etmək artıq mümkün deyil. Hava limanları bağlıdır, yollar da tam tıxacdır. Yerli camaat qaçmağa çalışır. Mobil rabitə işləyir. Televiziyalar fəaliyyət göstərir. ərzaq mağazalarında çox böyük növbələr var. Dünənə qədər mağazalarda heç bir problem yoxdur. İndi isə mağazaların qarşısında çox böyük növbələr var, çörək çatışmazlığı var. Yanacaqdoldurma məntəqələrində də çox böyük növbələr var, insanlar maşınlarla şəhərdən çıxmaq istəyir”.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli isə qeyd edib ki, Xarkov mühasirəyə alınır: “Demək olar ki, şəhər 60 faiz mühasirəyə alınıb, yalnız Poltava istiqamətində yol açıqdır. Şəhərdə bir xaos hökm sürür, şəhər administrasiyasında bir nəfər belə yoxdur. Bizdə olan məlumata görə də, azərbaycanlılar arasında hələ ki, itki yoxdur. Xarkovda azərbaycanlı tələbələr var. Onlara da evdə qalmaq, artilleriya zərbələri zamanı isə zirzəmilərə, bunkerlərə düşmək tövsiyə olunub”.

BAKU.WS