SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin isinməsi fonunda Körfəz ölkəsində Türkiyə serialları yenidən ekranlara çıxıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə jurnalist Turqut Alp Boyraz məlumat yayıb.

“Türkiyə serialları yenidən BƏƏ-nin kanallarında yer alıb. Münasibətlərin gərgin olduğu dövrdə BƏƏ telekanalları Türkiyə seriallarını göstərmirdi”, - jurnalist qeyd edib.

Bildirilib ki, iki ölkə arasındakı siyasi gərginliyin dövründə BƏƏ-də Türkiyə seriallarına qoyulan yasaq ötən ilin noyabr ayında ləğv edilib.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BƏƏ-yə ikigünlük rəsmi səfəri başlayıb. Dövlət başçısı səfər çərçivəsində Abu-Dabi və Dubay əmirləri və digər rəsmi şəxslərlə görüşüb.

Xatırladaq ki, Türkiyə və Birləşmiş Ərəb Əmirlikləri arasındakı siyasi gərginlik ilk dəfə Misirdə Prezident Məhəmməd Mürsinin çevrilişi ilə başlayıb. Türkiyə Mürsi rəhbərliyini dəstəklədiyi halda BƏƏ hakimiyyəti ələ keçirən Abdül Fəttah əs-Sisiyə dayaq olub.

Türkiyə və BƏƏ Misir, Şərqi Aralıq dənizi, Liviya, Qətər məsələlərində də qarşı cəbhələrdə yer alıblar. Digər tərəfdən Türkiyədəki 15 iyul – çevriliş cəhdində BƏƏ-nin rolu da iki ölkə arasındakı gərginliyin daha da yüksəlməsinə səbəb olub.

BAKU.WS