Ermənistanda Qarabağdakı döyüşlərə könüllü şəkildə yollanan əsgərlər Müdafiə Nazirliyi qarşısında etiraza toplanıb.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, könüllülər müharibədə iştirak üçün nəzərdə tutulan vəsaitlərin ödənilməməsindən şikayətlənirlər.

Görünür, Ermənistan hökuməti üçün sözügedən şəxslərin müraciəti heç bir halda maraqlı deyil, çünki elə etirazçıların özlərinin dediklərinə görə, onlara vəsaitin köçürüləcəyi ilə bağlı dəfələrlə vəd verilib. Ermənistan hökumətindən döyüşlərdə iştiraka görə pul almağı gözləyənlərin sayının 2700-dən çox olduğu vurğulanır.

Erməni əsgərlərin problemi bununla da bitmir, cəbhədə ağır məğlubiyyət fonunda dəhşətli itkilərin yerini doldurmaq istəyən Ermənistan MN döyüş bölgəsinə bir çox hallarda heç bir qeydiyyat olmayan vətəndaşları göndərib. Elə Ermənistan MN qarşısında toplanan etirazçıların özləri də qeyd edirlər ki, heç bir hərbi hissə və ya birləşmədə adları olmayıb.

Sözügedən fakt Ermənistan ordusunun Müzəffər Azərbaycan Ordusu qarşısında acınacaqlı vəziyyətini bir daha sübut edib. Erməni “könüllü”lər heç bir hazırlıqsız, siyahıya alınma və döyüş tapşırığı olmadan cəbhəyə - ölümə göndərilib.

Üstəlik müharibə dövründə itkilərinin sayını qat-qat az qələmə verən Ermənistanın, bəlkə də bilərəkdən döyüş bölgəsinə qüvvələri siyahıya almadan göndərdiyini də istisna etmək olmaz. Çünki belə olan halda həmin itkiləri gizlətmək və ya müharibədə iştirak üçün onlara təzminat ödəmək öhdəliyindən yayınmaq olduqca asan olacaq.

Ancaq hər halda Ermənistan MN-in əsgərlərə döyüşlərdə iştirak üçün pul ödəmək istəməməsinin haqlı tərəfləri də az deyil. Onsuz da ağır iqtisadi vəziyyətdə olan, Qarabağda bu günə qədər mənimsədiyini böyük resurslar əlindən çıxan Ermənistan bir çox hallarda bir güllə belə atmadan Azərbaycan ordusunun qarşısından qaçaraq mövqelərini tərk edən “cəngavər”lərinə niyə pul ödəsin?

Öz fərarilikləri ilə bütün dünyanın gülüş hədəfinə çevrilən və ikrah doğuran erməni ordusu və “könüllü”lər isə ən yaxşı halda “sürətli qaçışa” görə öz dövlətlərindən pul tələb edə bilər.

Fərarilikdə ad qazanmış, rüsvayçı məğlubiyyətə düçar olan ordunun ali rəhbərliyi isə bu “möhtəşəm” qaçışa qiymət verəcəkmi, bunu zaman göstərəcək.

BAKU.WS