VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan Milli Elmlər Akademiyası Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası 2021-ci ildə gözlənilən Günəş və Ay tutulmalarının vaxtını təqdim edib.

AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından BAKU.WS-ə verilən məlumata görə, 2021-ci ildə 4 tutulma hadisəsi 2 Günəş və 2 Ay tutulması baş verəcək.

2021-ci ilin Günəş tutulması

1. 1-ci Günəş tutulması 10 iyun 2021-ci ildə baş verəcək. Bu tutulma həlqəvari Günəş tutulmasıdır. Tutulma hadisəsi 12:12:15-də başlayacaq və 17:11:16-da sona çatacaq. Tutulmanın maksimumu 14:43:06-da olacaq. Tutulma hadisəsi 4 saat 59 dəqiqə davam edəcək. Bu günəş tutulmasının həlqəvari fazası Rusiyanın, Qrenlandiyanın və Şimali Kanadanın bəzi yerlərində, qismən tutulma hadisəsi isə Avropanın çox hissəsi, Asiyanın böyük bir hissəsi, Şimali / Qərbi Afrika, Şimali Amerikanın çox hissəsi, Atlantik okean və Arktikada müşahidə olunacaq. Azərbaycan ərazisində müşahidə olunmayacaq.

2. 2-ci Günəş tutulması isə 2021-ci il 4 dekabrda baş verəcək. Bu tutulma tam Günəş tutulmasıdır. Tutulma hadisəsi 09:29:16-da başlayacaq və 13:37:26-da sona çatacaq. Tutulmanın maksimumu 11:34:38-də olacaq. Tutulma hadisəsi 4 saat 8 dəqiqə davam edəcək. Qismən tutulma hadisəsi Avstraliyanın cənubu, Afrikanın cənubu, Cənubi Amerikanın cənubu, Sakit, Atlantik, Hind okeanlarında, Tam tutulma isə Antarktida müşahidə olunacaq.

Tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2021-ci ilin Ay tutulması

Bu il 2 Ay tutulması hadisəsi olacaq və heç biri Azərbaycanda müşahidə olunmayacaq.

1-ci Ay tutulması 2021-ci il 26 mayda baş verəcək. Tam Ay tutulmasıdır. Tutulma hadisəsi 13:44:57-də başlayacaq və 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu 15:18:42-də olacaq. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Tutulma hadisəsi Şərqi Asiya, Avstraliya, Amerika, Sakit okeanda müşahidə olunacaq.

Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

2-ci Ay tutulması 2021-ci il 19 noyabrda baş verəcək. Qismən Ay tutulmasıdır. Tutulma hadisəsi 11:18:41-da başlayacaq və 14:47:04-də sona çatacaq. Tutulmanın maksimumu 13:02:55-də olacaq. Tutulma hadisəsi 2 saat 28 dəqiqə davam edəcək. Tutulma hadisəsi Amerika, şimali Avropa, şərqi Asiya, sakit okean, Avstraliyada müşahidə olunacaq. Tutulma zamanı Ay üfüqdən aşağıda olduğuna görə tutulma hadisəsi Azərbaycanda müşahidə olunmayacaq.

BAKU.WS