Yol səs-küyü xolesterinin artmasına səbəb ola bilər

Yol səs-küyü xolesterinin artmasına səbəb ola bilər
Digər 26

Finlandiyanın Oulu Universitetinin apardığı yeni araşdırma göstərib ki, gecə saatlarında yol hərəkətinin yaratdığı səs-küy böyüklərdə qanda xolesterin və lipid metabolitlərinin səviyyəsinin dəyişməsi ilə əlaqəlidir.

BAKU.WS xəbər verir ki, "Environmental Research" jurnalında dərc olunan və LongITools layihəsi çərçivəsində aparılan tədqiqat bu sahədə ən geniş araşdırmalardan biri hesab olunur. Alimlər uzunmüddətli nəqliyyat səs-küyünün orqanizmdə bioloji proseslərə necə təsir etdiyini öyrəniblər.

Tədqiqat çərçivəsində Böyük Britaniya, Niderland və Finlandiyanı əhatə edən üç böyük populyasiya bazasından 31 yaşdan yuxarı 272 mindən çox insanın məlumatları təhlil edilib. İştirakçıların yaşayış ünvanları üzrə gecə vaxtı yol səs-küyü səviyyəsi milli səs xəritələri əsasında müəyyənləşdirilib.

Qan nümunələri nüvə maqnit rezonansı (NMR) əsaslı müasir metabolomik platforma vasitəsilə analiz olunaraq 155 biomarker qiymətləndirilib. Nəticələr göstərib ki, gecə saatlarında 55 desibeldən (adi danışıq səsi səviyyəsi) yüksək səs-küyə məruz qalmaq ümumi xolesterin, LDL ("pis") xolesterin, yağ turşuları və digər lipidlərin artması ilə əlaqəlidir. Metabolik dəyişikliklər 50 desibeldən başlayaraq müşahidə olunub. Müqayisə üçün qeyd edilir ki, gecə üçün tövsiyə olunan təhlükəsiz səs səviyyəsi təxminən 30 desibeldir.

Alimlər bildirirlər ki, fərdi səviyyədə dəyişikliklər kiçik görünsə də, səs-küyə məruz qalan insanların sayının çoxluğu ictimai sağlamlıq baxımından ciddi təsir yarada bilər. Tədqiqat müəllifləri şəhərsalma siyasətində və binaların layihələndirilməsində səs izolyasiyasına daha çox diqqət yetirilməsinin vacibliyini vurğulayırlar.

Son xəbərlər