Yağışlı və tutqun havalarda insanlar özünü niyə halsız hiss edir?
Bir çox insan çiskinli, dumanlı və tutqun havalarda özünü halsız, ruhdan düşmüş və ya ümumiyyətlə "boş" hiss edir. Bunun bioloji, psixoloji və sosial səbəbləri var.
BAKU.WS xəbər verir ki, çiskin, dumanlı, tutqun hava, sadəcə təbiət hadisəsi deyil, həm də beynimizin kimyası ilə oynayan faktordur.
Günəşin azalması serotonin enir, melatonin artır, enerji və əhval azalır. Amma düzgün həyat tərzi və işıq-balanslı vərdişlər bu təsirləri xeyli zəiflədə bilər.
Dünyaca məşhur alimlər bunu müxtəlif fikirlərlə izah edirlər.
Amerikalı psixiatr, "Mövsümi depressiya" anlayışının banisi Norman Rosenthalın fikrincə, Günəş işığının azalması beyində serotonin və melatonin hormonlarının balansını pozur:
"Bu da insanın enerjisini, motivasiyasını və emosional stabilliyini azaldır".
Bəs bizim mütəxəssislər nə düşünürlər?
Psixoloq Əbdül Səlimli BAKU.WS-ə açıqlamasında bildirib ki, çiskinli, dumanlı və tutqun havalarda insanların əhvalının düşməsi tamamilə təbii psixoloji və bioloji reaksiyadır.
"İlk növbədə, günəş işığının azalması beynimizdə xoşbəxtliyi tənzimləyən serotonin hormonunun ifrazını zəiflədir. Serotonin azaldıqda insan özünü daha tez sıxılmış, motivasiyasız və dilxor hiss edir. Eyni zamanda, bu tip havalarda melatonin hormonu artır, bu da halsızlıq və yuxululuq yaradır", - deyə mütəxəssis bildirib.
Əbdül Səlimli onu da əlavə edib ki, bunun digər səbəb isə mühitin psixoloji təsiridir:
"Boz, dumanlı mənzərə beyinə passivlik və dayanma siqnalı verir. İnsan özünü sanki sıxılmış bir məkanda kimi hiss edir. Bu da daxili gərginliyi artırır.
Əlverişsiz hava şəraiti fiziki aktivliyi və sosial əlaqələri azaldır. Hərəkət və ünsiyyət azaldıqca emosional vəziyyət də zəifləyir.
Belə havalarda insanlar daha çox daxili aləmə yönəlir, düşüncələr artır və köhnə narahatlıqlar daha asan üzə çıxır. Bu da əhval pozğunluğunu gücləndirir".
Mütəxəssis xüsusilə vurğulayıb ki, bu hal çoxunun düşündüyü kimi zəiflik deyil. Sadəcə insan psixikasının ətraf mühitə verdiyi normal reaksiyadır.
Belə günlərdə nə etmək lazımdır?
Əbdül Səlimli deyir ki, belə günlərdə işıqlı məkanlarda vaxt keçirmək və şən musiqi dinləmək vacibdi:
"İsti kofe vəya çay içmək, mümkün qədər gün işığını xatırladan mühitdə vaxt keçirmək emosianal tarazlıq yaratmaq üçün önəmlidir.
Bu kiçik addımlar psixoloji tarazlığı qorumağa ciddi şəkildə kömək edir".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Tehranda Yeni il ab-havası: İşıqlar, musiqi və Santa-Klaus
İlin son və qışın ilk günləri ilə birlikdə Tehran da daxil olmaqla İranın bir sıra şəhərlərində Yeni il ab-havası hiss olunmağa başlayıb. Paytaxtın müxtəlif kü...