Xocalıda soyqırım qurbanlarının xatirəsinə flaşmob keçirilib
Xocalı şəhərində Xocalı faciəsinin 34-cü ildönümü ilə bağlı soyqırım qurbanlarının xatirəsinə həsr olunmuş flaşmob keçirilib.
BAKU.WS xəbər verir ki, Xocalı şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin iştirakı ilə baş tutan anım aksiyası zamanı faciə qurbanları yad edilib, soyqırım zamanı həyatını itirmiş 63 uşağın xatirəsinə 63 şam yandırılıb.
Şagirdlər əllərində şam heç vaxt böyüməyən 63 uşağın adını səsləndirərək, onları doğma torpaqda - Xocalıda anıblar.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı bildirib:
"Bu gün Xocalıda soyqırım qurbanlarını unutmadığımızı dünyaya deyirik. Bu gün burda yandırılan şam işığı ilə yaddaşımızı yenidən alovlandırırıq. Bu şamların hər biri bir ömürdür. Yarımçıq qalmış uşaq gülüşüdür. Bir ana harayıdır. Bu şamlar, Xocalının 63 körpəsi üçün yanır. Onlar məktəbə getməli, böyüməli, yaşamalı idilər. Bu alov onların yarımçıq qalan ömürlərinin işığıdır. Bu şamlar həm də analar, ailəsini qorumağa çalışan atalar üçündür. Bu şamlar sönmüş həyatların deyil, sönməyən həqiqətin şamıdır".
Çıxışdan sonra tədbir şagirdlər tərəfindən səhnələşdirilmiş ədəbi-bədii kompozisiyanın nümayişi, Xocalı faciəsinə aid şeirlərin səsləndirilməsi ilə davam edib.
Flaşmob çərçivəsində Xocalı dəhşətini əks etdirən fotosərgi də təşkil olunub.
Flaşmob şagirdlərin "Xocalı azaddır!" və "Xocalını unutmadıq!" şüarları səsləndirərək, bu gün yenidən qurulan, uşaq gülüşləri ilə dolan, doğma sakinlərinin nəfəsi ilə isinən Xocalıya həsr olunmuş "Ay Xocalı" mahnısının sədaları altında düzülərək, "Xocalı" sözünü yazıb, qurbanları yad etməklə başa çatıb.
Qalereya
Oxşar xəbərlər
Xocalı barədə gizlədilən gerçəklər: Erməni mənbələrindən üzə çıxan faktlar
Baku TV-nin "Qarabağ xronikası" verilişinin yeni buraxılışında Xocalı soyqırımından bəhs olunub. Xocalıya hücum dörd istiqamətdən həyata keçirilib və əməliyyata...