Reklam adı ilə açıq-saçıq görüntü paylaşan cəzalandırılacaqlar?

Reklam adı ilə açıq-saçıq görüntü paylaşan cəzalandırılacaqlar?
Video
Digər 76

Son zamanlar sosial şəbəkələrdə geyim reklamı edən bəzi modellərin məhsuldan daha çox bədənlərini ön plana çıxarması cəmiyyətdə ciddi narazılıq doğurur.

Açıq-saçıq görüntülərin reklam adı altında paylaşılması bir çoxları tərəfindən qeyri-etik və mənəvi dəyərlərə zidd hesab olunur.

Baku TV mövzu ilə bağlı paytaxt sakinlərinin fikirlərini öyrənib.

"Paltar qalır bir kənarda, onların vulqar hərəkətləri daha çox insanı narahat edir. Nəzarətə götürülsə, çox yaxşı olar", - sakinlərdən biri bildirib.

Başqa bir sakin isə belə deyib: "Müsəlman millətinə elə şeylər ayıbdır. Paltar göstərilirsə, onu reklam etsin. Öz bədənini niyə reklam edir?".

İnzibati Xətalar Məcəlləsinin xırda xuliqanlıq maddəsinə edilən dəyişikliklərə əsasən, sosial şəbəkələrdə qeyri-etik davranışlara görə cərimələrin tətbiqi və ya inzibati həbs nəzərdə tutulur.

Bu dəyişikliklər reklam məqsədilə edilən paylaşımlara da şamil olunacaqmı? Açıq-saçıq geyimlə reklam qanun pozuntusu sayılırmı?

Hüquqşünas Mircavid Miriyev bildirib ki, internet informasiya ehtiyatlarında və ya internet informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıq hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi, əxlaqsız ifadələrin səsləndirilməsi, bu məzmunu yaradan jestlərin nümayiş etdirilməsi, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi 500 manatdan 1 000 manatadək cərimə ilə nəticələnə bilər.

"İşin hallarından və pozuntu törədən şəxsin kimliyindən asılı olaraq bu tədbir kifayət hesab edilməzsə, bir ayadək inzibati həbs cəzası da tətbiq oluna bilər. Bu əməllər inzibati tənbeh almış şəxs tərəfindən qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilərsə, həmin şəxslər barəsində 1 000 manatdan 2 000 manatadək cərimə tətbiq edilir və işin hallarına uyğun olaraq iki ayadək inzibati həbs də nəzərdə tutula bilər. Bu cərimələr təkcə cəmiyyətə hörmətsizlik sayılan jest, hərəkət və görüntüləri edən şəxslərə deyil, eyni zamanda bu paylaşımları reklam məqsədilə istifadə edən və ya başqa formada ictimailəşdirən, kütləvi nümayiş etdirən şəxslərə də şamil olunur", - deyə hüquqşünas vurğulayıb.

Son xəbərlər