Qız analarının diqqətinə - Ailə üçün çətin görünə bilər...

Qız analarının diqqətinə - Ailə üçün çətin görünə bilər...
Foto
Digər 77

"Rett sindromu əsasən qızlarda rast gəlinən neyrogenetik bir xəstəlikdir. Körpə ilk aylarda normal inkişaf edir, amma təxminən 6–18 ay arasında tədricən geriləmə başlayır".

Bununla bağlı defektoloq-loqoped Fatimə Məmmədova BAKU.WS-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, uşaq əvvəl bacardığı bir çox hərəkətləri itirir. Daha sonra danışıq dayanır, əl hərəkətlərində dəyişiklik olur və özünə xas olan əlləri sıxmaq, ovxalamaq kimi təkrarlayıcı davranışlar ortaya çıxır.

"Bu sindromda uşağın hərəkətləri yavaşlayır, balans və koordinasiya çətinləşə bilər. Bəzən nəfəs almada qısa dayanma və ya səbəbsiz qışqırma epizodları görülə bilər. Rett sindromunun səbəbi genetik mutasiyadır və valideynlərin heç bir günahı yoxdur – bu, tamamilə təsadüfi baş verən bir haldır", - deyə mütəxəssis bildirib.

Ekspert deyir ki, Rett sindromu olan uşaqlar çox həssas olur:

"Emosional reaksiyaları güclü olur və baxışları ilə çox şey ifadə edə bilirlər. Onların sosial əlaqə qura bilməsi, sevgiyə cavab verməsi, musiqiyə, toxunuşa reaksiya göstərməsi onları daha da xüsusi edir.

Bu vəziyyət uzunmüddətli dəstək tələb edir: loqoped, fiziki terapiya, davranış dəstəyi və həkim nəzarəti uşağın gündəlik həyatını yüngülləşdirir və inkişafını mümkün qədər yaxşılaşdırır. Ailə üçün çətin görünə bilər, amma düzgün dəstək və mütəxəssis əməkdaşlığı ilə uşağın həyat keyfiyyəti artırıla bilər.

Hər bir Rett sindromlu uşaq özünəməxsusdur və onların gücü, dözümü, sevgiyə verdiyi qarşılıq çox dəyərlidir".

Ziya SƏCCAD

Son xəbərlər