Prostat xərçəngindən əziyyət çəkənlərə ümidverici araşdırma - Bundan sonra...

Prostat xərçəngindən əziyyət çəkənlərə ümidverici araşdırma - Bundan sonra...
Digər 91

Miçiqan Universitetinin tədqiqatçıları prostat xərçənginin böyüməsini onun genetik mexanizmlərini bloklayaraq dayandıra bilən dərman hazırlayıblar.

BAKU.WS xəbər verir ki, araşdırmanın nəticələri "Nature Genetics" jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, prostatın bədxassəli hüceyrələri enhancer adlanan xüsusi DNT sahələrindən asılıdır - onlar şişin böyüməsini "açıb-bağlayan" genetik "düymələr" kimi işləyir. Alimlər bu enhancer-lərin əsas kimyəvi işarəsini - H2BNTac asetilasiyasını, həmçinin bu prosesi başladan p300 və CBP fermentlərini müəyyən ediblər.

Bu kəşfə əsaslanaraq komanda CBPD-409 adlı bir preparat yaradıb. Bu dərman p300 və CBP fermentlərini hədəfləyərək məhv edir. Nəticədə H2BNTac işarəsi aradan qaldırılır və bununla da prostat xərçənginin böyüməsini idarə edən əsas mexanizmlərdən biri - androgen reseptorlarının aktivliyi yatırılır.

Hüceyrə kulturası və heyvan modelləri üzərində aparılan sınaqlarda CBPD-409 terapiyaya davamlı prostat xərçəngi formalarının inkişafını dayandırıb, şişin geriləməsinə səbəb olub və eyni zamanda nəzərəçarpan yan təsirlər göstərməyib.

Alimlərin fikrincə, bu yanaşma zülalların hədəfli şəkildə parçalanmasına əsaslanan yeni bir müalicə növünə yol aça bilər. Tədqiqatçılar hesab edirlər ki, bu metod gələcəkdə ən aqressiv və dərmana qarşı dayanıqlı prostat xərçəngi formalarının müalicəsində əsas rol oynaya bilər.

Son xəbərlər