Məleykə Abbaszadə: "İmtahan stresinin əsas səbəbi valideynlərin yüksək gözləntiləridir"
"Biz bu il də sınaq imtahanları təşkil etmişdik. Burada cəmi təxminən beş min nəfər iştirak edib, halbuki ümumilikdə 100 minə yaxın abituriyent var".
Bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə "Trend" Beynəlxalq İnformasiya Agentliyi və Baku TV kanalına birgə müsahibəsində bildirib.
DİM sədrinin sözlərinə görə, imtahanla bağlı yaranan stresi mərkəz yaratmır və imtahanın özü təkbaşına gərginlik mənbəyi deyil:
"Şagirdlərə daha çox valideynlərin, ailənin, cəmiyyətin və müəllimlərin gözləntiləri təsir göstərir. Qurumun apardığı anonim sorğunun nəticələrinə görə, iştirakçıların 60 faizdən çoxu stresin yaranmasına səbəb kimi valideynlərin yüksək gözləntilərini göstərib. Valideynlər çox zaman övladlarından real imkanlarından daha yüksək nəticələr gözləyirlər və bu da şagirdlər üzərində əlavə təzyiq yaradır".
M.Abbaszadə qeyd edib ki, imtahan zamanı şagirdə tapşırıq kitabçası verildikdə o, tamamilə müstəqil olur, heç kimdən asılı olmadan yalnız öz biliyinə əsaslanır:
"Bu mühit kiminsə qarşısında oturub suallara cavab verməkdən daha stressizdir. İmtahan stresini idarə etmək insanın vacib bacarıqlarından biridir və bu bacarıq məktəbdə, ailədə, valideynlərin düzgün yanaşması ilə formalaşmalıdır".
DİM sədri xatırladıb ki, uşağın ali məktəbə qəbul olunması kimi bir məcburiyyət yoxdur və qəbul olunmamaq onun dəyərinin azalması demək deyil. Valideynlərin sistemi daha yaxından görməsi və narahatlıqlarını bölüşməsi üçün təşkil edilən "açıq qapı" günlərinə marağın az olduğunu vurğulayan M.Abbaszadə, 150 nəfərlik zalın heç vaxt dolmadığını təəssüflə qeyd edib.
Oxşar xəbərlər
DÇ-2026-nın qalibinə kuboku İnfantino və Tramp təqdim edəcək
2026-cı il futbol üzrə dünya çempionatının qalibinə kuboku FİFA prezidenti Canni İnfantino və ABŞ Prezidenti Donald Tramp təqdim edəcək. BAKU.WS "Report"a istin...