Genetik faktorların ömür uzunluğuna təsiri gözləniləndən daha böyükdür
"Science" jurnalında dərc olunan genişmiqyaslı araşdırma genlərin insan ömrü üzərində təsirinin indiyədək düşünüləndən xeyli böyük olduğunu ortaya qoyub.
BAKU.WS xəbər verir ki, beynəlxalq alimlər qrupunun əkizlər üzərində apardığı tədqiqat nəticəsində müəyyən edilib ki, insanın yaşam müddətində genetik amillərin payı təxminən 55 faiz təşkil edir. Bu göstərici əvvəlki araşdırmalarda irəli sürülən və genetik təsiri 6–33 faiz aralığında qiymətləndirən proqnozlardan xeyli yüksəkdir.
Yeni nəticələr ömrü müxtəlif əlavələr və xüsusi dərman rejimləri ilə uzatmağın mümkün olduğunu iddia edən "biohaker" icması üçün də gözlənilməz hesab olunur.
Mütəxəssislər bildirirlər ki, bu nəticəyə gəlmək üçün ölüm halları "xarici" və "daxili" səbəblər olmaqla iki qrupa ayrılıb. Qəzalar və infeksiyalar kimi xarici faktorlar istisna edildikdə, genetik təsirin boy uzunluğu və bədən quruluşu kimi əsas bioloji xüsusiyyətlərlə eyni səviyyədə olduğu üzə çıxıb.
Araşdırmanın aparıcı müəllifi Ben Şenhar qeyd edib ki, əldə edilən göstərici təsadüfi deyil. Onun sözlərinə görə, menopauza yaşı kimi yaşlanma ilə bağlı digər bioloji proseslər də təxminən 50 faiz nisbətində irsidir.
Kopenhagen Universitetinin dosenti Morten Şeibye-Knudsen isə genlərin ömür uzunluğunun bioloji sərhədlərini müəyyən etdiyini vurğulayıb. O, mayaların orta hesabla 13 gün, insanların isə maksimum 120 il yaşamasını buna nümunə göstərib və bu fərqin təkcə davranışlarla izah edilə bilməyəcəyini bildirib.
Genetik təsirin yüksək olmasına baxmayaraq, mütəxəssislər sağlam həyat tərzinin əhəmiyyətini itirmədiyini bildirirlər. Ömrün 55 faizinin genetik faktorlarla bağlı olması, qalan 45 faizin qidalanma, fiziki aktivlik və gündəlik vərdişlər kimi nəzarət edilə bilən amillərdən asılı olduğunu göstərir.
Tədqiqatçılar bu nəticələrin insanlarda fatalizm yaratmamalı olduğunu, genetik potensialın hansı istiqamətdə inkişaf edəcəyinin böyük ölçüdə həyat tərzi ilə müəyyən olunduğunu vurğulayırlar.
Oxşar xəbərlər
WhatsApp Android-də yeni funksiyanı istifadəyə verəcək
Android əməliyyat sistemi üçün "WhatsApp" messenceri yeni funksiya üzərində testlər aparır. Bu funksiya kanalların administratorlarına paylaşımları reklam və ya...