Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır

Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır
Foto
Digər 66

Maye tərkibli elektron siqaretlərin tərkibində qızdırılan zaman yaranan aerozollar ağciyərlər üçün geridönüşü olmayan problemlər yaradır.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rəşad Mahmudov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu, dünya elminə məlum olan məsələdir: "Elektron siqaretlər xüsusilə yeniyetmələr arasında asılılıq yaradır və sağlamlığı çox ciddi təhdid edir. Yalnız dövlət və qanunlar deyil, hər bir fərd bu istiqamətdə mübarizəyə dəstək verməlidir".

Elektron siqaretlərdə yaranan aerozollar ağciyər üçün geridönüşü olmayan problemlər yaradır

Deputat Şahin İsmayılov deyib ki, dünyada elektron siqaretlərin təbliği hallarına blogerlərin təqdimatında, eləcə də cizgi filmlərinin tərkibində reklam kimi rast gəlinir.

Onun sözlərinə görə, dünyada 100 milyondan çox elektron siqaret istifadəçisi var: "Onların arasında 13-15 yaş qrupunda olanların sayı 15 milyon civarındadır. Həmçinin, qadınlar arasında da elektron siqaretdən istifadə halları artmaqdadır. Hazırda dünyanın 46 ölkəsində elektron siqaret tamamilə qadağan edilib. Bu mənada, sözügedən sənəd sağlam gənclik adına mütərəqqi bir qanun olacaq. Qanun qüvvəyə mindiyi zaman buna qədər alınan elektron siqaretlərin də aqibəti bəlli olacaq".

Deputat Azər Əmiraslanov isə elektron siqaretlərin ölkəyə idxalı məsələsinə toxunub: "Elektron siqaretlərin idxalı ölkədən kifayət qədər valyutanın çıxması deməkdir. Yəni biz bunu qadağan etməklə hansısa xarici ölkənin elektron siqaret istehsalçılarını maliyyəşdirməmiş olacağıq".

A.Əmiraslanov qeyd edib ki, 2025-ci ilin 11 ayı ərzində ölkəyə 20 milyon manat civarında elektron siqaret idxal edilib.

Deputat Soltan Məmmədov da elektron siqaretlərin qeyri-infeksion xəstəliklərin yaranmasında rolundan bəhs edib: "Bu gün, əfsuslar olsun ki, elektron siqaretlərin istifadəsi yetkinlik yaşına çatmayan uşaqlar arasında da çoxluq təşkil edir".

Deputat deyib ki, təklif olunan qanun layihəsi tütün məmulatlarının təsnifatının dəqiqləşdirilməsinə də xidmət edəcək: "Yəni, tütün məhsullu hansıdır, qızdırılan tütün məhsulu hansıdır və elektron siqaret hansıdır - bax bu təsnifat müəyyənləşəcək".

Soltan Məmmədov onu da bildirib ki, sözügedən qadağa dünya təcrübəsinə əsaslanır: "İstənilən qanunun qəbulundan sonra qadağalara riayət edilmədiyi təqdirdə cərimələr məsələsinə də baxılır. Cərimə məbləğ isə qanun layihəsinin qəbulundan sonra təyin ediləcək".

Son xəbərlər