"Detoks" içkiləri: Sağlamlıq üçün faydalı, yoxsa sadəcə trend?

Son illərdə "detoks" içkiləri sağlamlıqla bağlı tendensiyalar arasında xüsusi yer tutur.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə, marketlərdə və hətta dietoloqların tövsiyələrində tez-tez rast gəlinən bu içkilərin həqiqətən sağlamlığa faydalı olub-olmadığı isə rəsmi mənbələrin və tibb mütəxəssislərinin araşdırmalarında sual altına alınır.
"Detoks" anlayışının özü elmi əsaslara söykənmir.
ABŞ-də nəşr olunan Teen Vogue dərgisi yazır ki, bu içkilərlə bədəndəki "toksinlərin" atılması fikri elmi cəhətdən sübut olunmayıb. Həkimlər bildirirlər ki, insan orqanizmi – xüsusilə də qaraciyər və böyrəklər – artıq təbii olaraq detoks funksiyasını yerinə yetirir və bu proses üçün əlavə içkilərə ehtiyac yoxdur. Üstəlik, bəzi detoks çayları və qarışıqları orqanizmə zərər vura bilər: ishal, qarın ağrısı, elektrolit pozuntuları kimi fəsadlara səbəb olur.
İngiltərənin istehlakçı hüquqları təşkilatı "Which?" da oxşar nəticəyə gəlib. Qurumun hesabatında qeyd olunur ki, "detoks" adı ilə satılan bir çox məhsul elmi sübutdan uzaqdır və əslində bahalı, lakin təsirsiz reklam məhsullarıdır. Əksər hallarda bunlar sadəcə su, meyvə şirəsi və bitki qarışıqlarından ibarət olur.
Healthline platformasında dərc edilən analizlərdə də bu məhsulların effektivliyi şübhə altına alınır. Məlumatlara görə, bu cür içkilər qısa müddətli çəkidə azalma yaratsa da, bu, əsasən bədənin su itirməsi ilə bağlıdır – yağ və toksinlərin atılması ilə yox. Həmçinin, bu içkilərin uzunmüddətli istifadəsi bəzi sağlamlıq riskləri doğura bilər.
The Times of India nəşri isə detoks içkilərinin su ilə əvəz edilə biləcəyini bildirir. Onların fikrincə, əsas məsələ düzgün qidalanma və balanslı həyat tərzidir – yəni kifayət qədər su içmək, təbii meyvə-tərəvəzlə qidalanmaq, hərəkətli olmaq və normal yuxu rejiminə riayət etmək.
Mütəxəssislər və rəsmi mənbələr bir sualı aydın şəkildə cavablayır: sağlam insan üçün "detoks" içkilərinə ehtiyac yoxdur. Orqanizm özü gündəlik olaraq zərərli maddələri bədəndən atmaq qabiliyyətinə malikdir. "Detoks" içkiləri isə bəzən sadəcə marketinq strategiyası olaraq təqdim edilir. Əsl sağlamlıq düzgün qidalanma, bol su, idman və stressin azaldılması ilə təmin olunur.
Oxşar xəbərlər
Yelo Invest-də limit sifarişi funksiyası aktiv oldu
Əlavə gəlir qazanmağın müasir maliyyə alətlərindən biri investisiya etməkdir. Lakin bazarın ritminə çatmaq, ən sərfəli qiyməti tutmaq və vaxtında qərar vermək h...
