Bu tarixdə tam orta təhsil üzrə buraxılış imtahanı keçirəcək

Martın 2-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirəcək.
Bu barədə BAKU.WS-ə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.
Bildirilib ki, martın 2-də Dövlət İmtahan Mərkəzi tərəfindən Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Gədəbəy, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Göyçay, Ağdaş, Şamaxı, Qobustan, Kürdəmir, Lənkəran, Cəlilabad, Yardımlı, Bərdə, Tərtər, Ağdam, Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən, Şabran, Ağdərə (Talış kənd tam orta məktəbi), Xocalı, Xankəndi, Şuşa və Laçında (Şəhər 2 №-li tam orta məktəb, Zabux və Sus kənd tam orta məktəbləri) Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçiriləcək. Martın 2-də tədrisi ingilis və fransız dilində olan məktəblərin şagirdləri də imtahan verirlər.
"İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış - saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır. Şagirdlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini gətirməlidirlər",- məlumatda qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini təqdim etməlidir.
Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir). Şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.
İmtahan iştirakçıları "İmtahana buraxılış vərəqəsi"ni internet vasitəsilə DİM-in saytından fevralın 20-dən etibarən çap edib götürə bilirlər.
Xatırladaq ki, imtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 242 imtahan binası, 4292 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 242 ümumi imtahan rəhbəri, 675 imtahan rəhbəri, 4292 nəzarətçi, 747 buraxılışı rejimi əməkdaşı (mühafizə), 242 bina nümayəndəsi ayrılıb. İmtahanda 57437 şagirdin iştirakı nəzərdə tutulur.
İmtahanda 36 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) abituriyent də iştirak edəcək. Bu abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.
Hazırda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilir. Bütün imtahan binalarına baxış keçirilib, imtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. Təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahan mərkəzlərinə təkrar baxış da keçirilir və imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilir.
Qeyd edək ki, imtahan 35 şəhər və rayonunda təşkil olunacaq, 57437 şagirdin iştirakı nəzərdə tutulur.
Oxşar xəbərlər
Məşhur səhər yeməyinin ölümcül dozası ilə bağlı XƏBƏRDARLIQ
Pankekin ölümcül dozası hər insanın sağlamlıq vəziyyətindən asılıdır. BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu mütəxəssis Elena Solomatina deyib...
