Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər

Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyət tətbiq oluna bilər
Digər 16

Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə qanunvericilik məsuliyyəti tətbiq oluna bilər 2. Mərkəzi Bank: Kartın başqasına verilməsinə görə hüquqi məsuliyyət mexanizmi yaradılmalıdır.

Azərbaycanda bank kartının üçüncü şəxsə verilməsinə görə məsuliyyətin müəyyənləşdirilməsi məqsədilə uyğun qanunvericilik aktlarının hazırlanıb qəbul edilməsi zəruridir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və məhsulların inkişafı departamentinin Nağdsız ödənişlərin təhlili şöbəsinin böyük mütəxəssisi Elvin Cuvarov bildirib.

Onun sözlərinə görə, hazırda ölkənin yerli maliyyə bazarında geniş yayılmış fırıldaqçılıq növləri konkret nümunələr əsasında nəzərdən keçiriləcək:

"Bu üç kateqoriya beynəlxalq təcrübədə fırıldaqçılığın təsnifatı üçün ən çox tətbiq edilən bölgüdür. Birinci kateqoriya avtorizə edilməmiş əməliyyatlardır. Bu cür əməliyyatlar müştərinin xəbəri olmadan, onun təsdiq etmədiyi halda baş verir. Qısa şəkildə izah etsək, müəyyən şəxsə zəng edilir, həmin şəxs OTP kodunu və digər konfidensial məlumatları paylaşır. Daha sonra aşkar edir ki, kartından pul çıxarılıb. Müştəri əməliyyatı şəxsən icra etmir, onu təsdiqləmir. Lakin müəyyən məlumatları açıqlayır və nəticə etibarilə kartından vəsait silinir.

İkinci kateqoriya manipulyasiya yolu ilə reallaşdırılan əməliyyatlardır. Bunlar artıq avtorizə edilmiş əməliyyatlar hesab olunur. Bu halda müştəriyə bank və ya hər hansı qurum adından müraciət edilir. Müştəriyə elə güclü psixoloji təsir göstərilir ki, o, öz əli ilə müəyyən bir karta pul köçürür və ya hansısa hesaba vəsait yönləndirir. Hətta elə hallar müşahidə edilib ki, müştəri evindəki nağd pulunu götürür, bankomatdan vəsait çıxarır, taksi ilə gedərək MilliÖN terminalında fırıldaqçıların göstərdiyi hesaba nağd şəkildə pul yatırır. Yəni manipulyasiya bu dərəcədə dərin ola bilir.

Üçüncü kateqoriya isə icazə verilmiş üçüncü şəxs vasitəsilə həyata keçirilən əməliyyatlardır. Burada müştərinin özü şüurlu və ya şüursuz şəkildə fırıldaqçılıq sxeminin bir parçasına çevrilir. Cəmiyyətdə adətən belə bir təsəvvür mövcuddur ki, kartdan pul hansısa başqa karta köçürülübsə, həmin kartın sahibini müəyyən edib cavabdehlikə cəlb etmək yetərlidir. Amma zəncirin bütövlüyünə nəzər saldıqda məlum olur ki, vəsait bir kartdan digərinə, oradan üçüncü, dördüncü şəxsə ötürülür. Həmin şəxslərin böyük əksəriyyətinin bu əməliyyatlardan heç bir xəbəri olmur. Bir vaxtlar onlara 20-30 manat müqabilində "öz adına kart aç, mənə təhvil ver" təklifi edilib. Onlar da hüquqi nəticələrini dərk etmədən kartı təqdim ediblər. Bəziləri isə bunu qəsdən həyata keçirir. Beləliklə, həmin şəxs istər qəsdən, istərsə də bilmədən fırıldaqçılıq zəncirinin iştirakçısına çevrilir və sxemin fəaliyyət göstərməsinə şərait yaradır".

E. Cuvarov vurğulayıb ki, bu problemlə mübarizədə ən effektiv təcrübələrdən biri qanunvericilik tədbirlərinin görülməsidir: "Nümunə olaraq, Rusiyada ödəniş vasitələrinin üçüncü şəxsə ötürülməsinə görə ciddi, hətta azadlıqdan məhrum etməyə qədər cəza nəzərdə tutan qanunvericilik qüvvəyə minib. Bizdə isə hazırda bu cür tənzimləmə mexanizmi mövcud deyil. Düşünürəm ki, bu istiqamətdə problemin aradan qaldırılması üçün gələcəkdə müvafiq qanunvericilik aktları qəbul edilməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər