Alimlər qan xərçəngi riskini üçdə bir azaldan genetik variantı müəyyən ediblər
Vyana və Tartu universitetlərinin alimləri insanlarda qan xərçəngi riskini təxminən üçdə bir azalda bilən nadir genetik variant aşkar ediblər. Söhbət rs17834140-T adlı variantdan gedir.
Bu genetik dəyişiklik qan kök hüceyrələrində zərərli mutasiyaların yayılmasını ləngidir və bədxassəli klonların formalaşmasının qarşısını alır.
BAKU.WS "Science" nəşrinə istinadla xəbər verir ki, qan xərçəngi sümük iliyini və qan yaranma sistemini zədələyən leykemiya kimi bir sıra onkoloji xəstəlikləri birləşdirən ümumi anlayışdır.
Xəstəlik çox vaxt kök hüceyrənin DNT-sində yaranan səhv nəticəsində başlayır. Bu zaman hüceyrə özünü aktiv şəkildə çoxaltmağa başlayır. Bu proses klonal hemapoez adlanır. Yaş artdıqca belə klonların sayı çoxalır və xərçəngə çevrilmə riski artır.
Tədqiqatçılar 640 mindən çox insanın genetik məlumatlarını analiz ediblər. Onlar mutasiyaları olan və olmayan on minlərlə insanın genlərini müqayisə etdikdən sonra 17q22 xromosom bölgəsindəki rs17834140-T variantını müəyyən ediblər.
Bu variantın fəaliyyətini öyrənmək üçün alimlər onu insan qan kök hüceyrələrinə daxil edib və hüceyrələrin davranışını laborator şəraitdə və siçan modellərində müşahidə ediblər.
Nəticədə məlum olub ki, bu qoruyucu genetik versiya MSI2 adlı zülalın səviyyəsini azaldır. MSI2 normalda hüceyrə böyüməsini sürətləndirir və xərçəng proseslərində mutasiyaya uğramış hüceyrələrin sümük iliyini tez ələ keçirməsinə kömək edir. Lakin MSI2-nin az ifadə olunması bu prosesin qarşısını alır və bədxassəli çevrilmə riskini azaldır.
Alimlərin hesablamalarına görə, rs17834140-T variantının daşıyıcılarında bir neçə növ qan xərçəngi riski təxminən 30% azalır.
Bununla belə, tədqiqatçılar qeyd edirlər ki, bu, tam immunitet demək deyil - sadəcə bioloji tarazlığın qoruyucu istiqamətə meyillənməsi ilə bağlıdır.
Gələcəkdə alimlər bu təbii mexanizmi təqlid edən dərman və ya müalicə üsulları hazırlamağı planlaşdırırlar ki, bu da leykemiya risk qrupunda olan insanların profilaktikasında mühüm rol oynaya bilər.
Oxşar xəbərlər
2026-cı ilin ilk aylarından kasıblayacaq bürclər
Yeni ilin başlanğıcı bəziləri üçün böyük imkanlar, digərləri üçün isə sınaqlar dövrü olacaq. Astrologların proqnozlarına görə, 2026-cı ilin ilk aylarında (yanva...