Alimlər Alzheimer xəstəliyinə qarşı yeni ümidverici üsul kəşf etdilər

Alimlər Alzheimer xəstəliyinə qarşı yeni ümidverici üsul kəşf etdilər
Digər 36

ABŞ alimləri Alzheimer xəstəliyinin inkişafında neyronlarda şəkərin – konkret olaraq, qlikogenin – toplanmasının mühüm rol oynadığını aşkarlayıblar. 

BAKU.WS xəbər verir ki, tədqiqatın nəticələri "Nature Metabolism" jurnalında dərc olunub.

Əvvəllər qlikogenin əsasən qaraciyər və əzələlərdə toplandığı düşünülürdü. Lakin yeni araşdırma göstərib ki, Alzheimer xəstələrinin beyin hüceyrələrində bu maddə normadan artıq yığılır və "tau" adlı zərərli zülal yığınları ilə birləşərək hüceyrələrə zərər verir.

Alimlər sübut ediblər ki, qlikogenin parçalanmasını təmin edən "GlyP" adlı fermentin aktivliyinin bərpası neyronları qoruyur və xəstəliyin gedişini yavaşladır. Bu, Alzheimer modelinə sahib meyvə milçəklərində ömrü uzatmaqla da təsdiqlənib.

Tədqiqat həmçinin göstərib ki, kalori məhdudiyyəti və bəzi xüsusi maddələr (məsələn, 8-Br-cAMP) GlyP fermentinin fəaliyyətini artırır. Bu isə qidalanmanın beyin sağlamlığına təsirini süni şəkildə təkrarlayan dərmanların yaradılmasına yol aça bilər.

Alimlər bu nəticələri demensiyadan əziyyət çəkən xəstələrin hüceyrələrində də yoxlayaraq təsdiqləyiblər. Tədqiqatın rəhbəri Pankac Kapahi bildirib ki, beyin hüceyrələrində şəkərin düzgün tənzimlənməsi gələcəkdə yaşla bağlı xəstəliklərin qarşısını almaqda əsas rol oynaya bilər.

Bu yeni yanaşma Alzheimer və digər nevroloji xəstəliklərin müalicəsində inqilabi addım ola bilər.

Son xəbərlər