Ağız boşluğu xərçəngi "cavanlaşır" - Həkimdən xəbərdarlıq
Son illərdə ağız boşluğu və udlaq xərçənginin daha gənc insanlarda aşkarlanması diqqət çəkir. Əvvəllər əsasən 60 yaşdan yuxarı şəxslərdə rast gəlinən xəstəlik artıq 40-50 yaşlı insanlarda da müşahidə olunur.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, rusiyalı onkoloq Yevgeni Çeremuşkinin sözlərinə görə, xəstəliyin əsas səbəblərindən biri siqaret və elektron siqaret istifadəsidir.
Onun sözlərinə görə, tütün tüstüsü və veiplərdəki zərərli maddələr ağız boşluğunun selikli qişasını zədələyərək xərçəng riskini artırır.
Həkim qeyd edib ki, xroniki iltihablar da xəstəliyin yaranmasına səbəb ola bilər. Xüsusilə müəllimlər, müğənnilər və zərərli istehsalat sahələrində çalışan insanlarda selikli qişanın uzunmüddətli qıcıqlanması təhlükə yaradır.
Mütəxəssis virus infeksiyalarının da risk faktorlarından biri olduğunu vurğulayıb.
Həkimin sözlərinə görə, xəstəliyin ilkin əlamətləri çox vaxt adi iltihabla qarışdırılır. Əsas simptomlar arasında ağızda ağrı, yanma hissi, sağalmayan yaralar, udqunma zamanı narahatlıq və selikli qişada dəyişikliklər yer alır.
Çeremuşkin bildirib ki, ağız boşluğunda uzun müddət keçməyən hər hansı dəyişiklik zamanı mütləq həkimə müraciət edilməlidir.
Onun sözlərinə görə, müalicədə əsasən kimyaterapiya, şüa terapiyası və bəzi hallarda cərrahi müdaxilə tətbiq olunur. Ağız və udlaq nahiyəsinin mürəkkəb anoatomik quruluşa malik olması müalicəni çətinləşdirir.
Həkim əlavə edib ki, uzun illər siqaret çəkən və alkoqoldan istifadə edən insanlarda xəstəliyin gedişi daha ağır olur. Buna görə erkən diaqnoz böyük əhəmiyyət daşıyır.
Oxşar xəbərlər
Hər gecə saat 03:00-da oyanırsınız? - Səbəb bu 4 vərdiş ola bilər
Keyfiyyətli gecə yuxusu sağlam həyatın əsas şərtlərindən biri hesab olunur. Buna baxmayaraq, milyonlarla insan hər gecə eyni saatda oyanmaqdan şikayətlənir. BAK...