20 Yanvar faciəsi azərbaycanlıların qan yaddaşıdır
"Gürcüstan azərbaycanlıları sizinlədir, qardaşlar!" deyib 1990-cı ilin qanlı yanvar hadisələrinə səssiz qalmadılar.
Topladıqları yardımlarla Bakıya yollandılar. Belə ki, qonşu Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani bələdiyyəsində o dövrdə sovxoz direktoru və digər yüksək vəzifələrdə çalışan soydaşımız Məhərrəm Həsənovun rəhbərliyi ilə yerli əhali Qardabanidə etiraz mitinqləri təşkil edib.
Məhərrəm Həsənovun övladı Növrəstə Həsənova Baku TV-yə müsahibəsində atasının təşkilatçılığı ilə Gürcüstanda yaşayan azərbaycanlıların dəstəyindən bəhs edib:
"Tariximizə "Qanlı Yanvar" kimi daxil olan bu gün Gürcüstanda yaşayan azərbaycanlıların da qan yaddaşıdır. Həmin gün atam Məhərrəm Həsənovun rəhbərliyi altında azərbaycanlılar Qardabaninin mərkəzinə toplaşaraq göz yaşları ilə çıxışlar edir, əhaliyə qarşı törədilən bu cinayətə etirazlarını bildirirdilər".
Növrəstə Həsənova həmin günlərdən xatirə qalan "Gürcüstan azərbaycanlıları sizinlədir, qardaşlar!" yazılı yük maşınının şəklindən də bəhs edib.
O, fotodakı sürücünün Qardabani rayonunun Birlik kənd sakini olduğunu deyir: "Həmin fotodakı şəxs atamın rəhbərlik etdiyi sovxozun sürücüsü Əlixan Həsənovdur".
Qeyd edək ki, Gürcüstanda bir sıra rəhbər vəzifələrdə çalışmış Məhərrəm Həsənov Azərbaycan-Gürcüstan dostluğunun inkişafına xüsusi töhfələr verib.
Oxşar xəbərlər
Ankarada Cümhuriyyət Qülləsində Azərbaycan bayrağı proyeksiya olunub
20 Yanvar faciəsinin ildönümündə Türkiyənin paytaxtı Ankaranın Keçiören Bələdiyyəsi həmrəylik və başsağlığı əlaməti olaraq üçrəngli Azərbaycan bayrağını Cümhuri...