Azərbaycanda 5G müəmması - Nazirlik yoxsa Azercell yalan danışır?

Azərbaycanda 5G müəmması - Nazirlik yoxsa Azercell yalan danışır?
Sosial 4670

Ötən ilin dekabrından etibarən dünya koronavirus adlı qlobal bəla ilə mübarizə aparır.

BAKU.WS xəbər verir ki, bu günə qədər 10 milyondan çox insan bu virusa yoluxub. Onlardan 500 mindən çoxu isə ölüb.

Virusun yayılma şəraiti və mənbəyi haqqında müxtəlif fərziyələr irəli sürülsə də, hələ dəqiqləşmiş bir məlumat yoxdur. Həmçinin bu virusun məqsədli şəkildə bioloji silah olaraq hansısa laboratoriyada hazırlandığı barədə iddialar da var.

Məsələ budur ki, bu virusun digər qrip növləri kimi olduğu, təkbaşına özünün güclü öldürücülüyə malik olmadığı bildirilir.

Son ayların iddialarından biri budur ki, bu virus 5G şəbəkəsinin yaydığı mikrodalğalar sayəsində insan orqanizmində böyük fəsadlara səbəb olur. Təkbaşına öldürücü olmayan virus mikrodalğaların insan orqanizmində yaratdığı fəsadlarla birləşdikdən sonra öldürücü gücə malik olur. Bu da xroniki xəstəliyi, immuniteti zəif olan insanlarda özünü daha çox göstərir.

Hər halda bunlar iddiadır və öz təsdiqini tapmayıb.

Azərbaycanda da əhali son günlər bu məsələ ətrafında ciddi narahatlıq keçirir. Hətta sosial şəbəkələrdə bəzi yerlərdə 5G şəbəkəsinin qurulması ilə bağlı fotolar da paylaşırlar.

Məsələ ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, 5G yeni 5-ci nəsil internet texnologiyasıdır. Bu texnologiya bizi super sürətli və kəsintisiz internetlə təmin edir:

“5G texnologiyasında tətbiq edilən radiotezliklər ionlaşdırmayan radiospektr diapazonunda yerləşir. İonlaşdırmayan radiotezliklərin insan sağlamlığına təsirləri mütəmadi olaraq beynəlxalq institutlar tərəfindən tədqiq edilir.

Xüsusilə qeyd edək ki, Azərbaycan Respublikasında 5G texnologiyası tətbiq olunmur. Sadəcə bir müddət öncə, "Bakutel-2019" çərçivəsində 5G pilot layihə olaraq paytaxt Bakıda qısa zaman kəsiyində test edilib”.

Nazirlik hazırda şəbəkənin Azərbaycanda istifadə edilmədiyini açıqlasa da, insan orqanizminə ziyanının olub-olmaması barədə konkret fikir də bildirməyib.

Lakin diqqətə çatdırmaq istərdik ki, "Azercell Telekom" ilk dəfə ötən il dekabrın əvvəlində 5G şəbəkəsini pilot olaraq Bakının mərkəzində istifadəyə verib. Şəbəkə ilk olaraq Fəvvarələr meydanını əhatə edib.

Hətta yeni şəbəkənin təqdimatında çıxış edən “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev qeyd etmişdi ki, şirkət dekabrın əvvəlindən etibarən 5G şəbəkəsini dəstəkləyən mobil telefonların satışına başlayacaq. Müştərilər bu telefonları əldə edərkən onlara ödənişsiz şəkildə 5G texnologiyasını dəstəkləyən SİM-kartlar da təqdim olunacaq.

Məsələni dəqiqləşdirmək üçün şirkətlə əlaqə saxladıq. Maraqlısı budur ki, şirkətdən bildirilir ki, hazırda heç bir nömrə satışı həyata keçirilmir.

Bildirilir ki, “Azercell Eksklüziv”dəki pilot layihə çərçivəsində müştərilər ofis daxilində xüsusi avadanlıqlar vasitəsi ilə 5G-ni test edir:

“Hələlik Azercell bu xidməti istifadəyə verməyib və heç bir nömrə satışından söhbət getmir. Ümumiyyətlə, hazırda Azərbaycanda 5G texnologiyasını dəstəkləyən mobil telefonların da sayı cüzidir”.

Daha bir təzadlı fikir yaradan açıqlamanı diqqətə çatdırmaq istərdik. Ötən il dekabrın 3-də Bakı Ekspo Mərkəzində açılan 25-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar (“Bakutel”) Sərgisində jurnalistlərə müsahibəsində Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU) baş katibi Haoulin Jao demişdi ki, Azərbaycanda da artıq 5G texnologiyalarının tətbiqinə başlanılıb.

Haoulin Jao onu da demişdi ki, 2020-ci ildən etibarən 5G bütün dünyada tətbiq ediləcək:

“Hazırda bir neçə ölkədə 5G sınaq rejimində tətbiq edilir. Həmin ölkələrdən biri də Azərbaycandır. Düşünürəm ki, 2020-ci ilin iyunundan bu texnologiyanın müqavilə əsasında bütün dünyada tətbiqinə başlanılacaq”.

Jao müəllimin dediyinə inansaq, bu aydan artıq 5G-nin kütləvi şəkildə tətbiqinə başlanılıb. Maraqlısı budur ki, iyun ayının əvvəllərindən etibarən Azərbaycanda koronavirusa gündəlik yoluxma sayı artıq 300-ün üzərinə qalxdı. Bu günlərdə isə 600-ü keçmək üzrədir.

İddialar çoxdur. Qərar vermək isə çox çətindir. Biz isə bütün iddialara baxmayaraq, öz həyatımızı qorumaq üçün maska taxmalı, sosial məsafəni qorumalı, gigiyena qaydalarına əməl etməliyik.

Taleyimizi başqalarının əllərinə buraxmayaq.

Son xəbərlər