VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Türkiyədən geri dönmək istəyən və bu istiqamətdə müraciət edən bir çox vətəndaşımız var. Mövcud vəziyyətdə sərhədlər bağlı olsa da, çarter reysləri davam etdirilir".

Bu sözləri BAKU.WS-in sorğusuna cavab olaraq Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsinin rəisi Leyla Abdullayeva bildirib.

O əlavə edib ki, bir sıra ölkələrdən, o cümlədən Rusiyadan bu günlərdə həm hava, həm də quru yolla təxliyələr olacaq: "Bu günlərdə ABŞ-dan iyun ayının 11-də təyyarə ilə vətəndaşlarımız geri qaytarılacaq. Türkiyədən bu günə qədər çoxsaylı çarter reysləri olub və onlar davam etdiriləcək. Amma ölkəyə gətirilməklə bağlı çarter reysləri üçün vətəndaşlar seçilərkən bu sıraya qadınlar, yaşlı insanlar, müalicə üçün gedənlər, azyaşlı uşaqları olanlar və digərləri daxildir. Hissə-hissə bu insanların vətənə dönüşü təşkil olunur.

Geri dönmək istəyən bütün vətəndaşlarımız ölkəyə qaytarılacaq. Bu istiqamətdə artıq neçə aydır işlər gedir. Geri qayıtmaq istəyən vətəndaşlar ilk növbədə olduğu ölkədəki Azərbaycan səfirliyinə müraciət etməlidir. Vətəndaş müraciəti zamanı hansı səbələrdən, nə qədər müddət bu ölkədə olduğunu bildirməli və geri qayıtmaqla bağlı rəsmi müraciət etməlidir. Üzləşdiyi çətinlik və durumla bağlı da Azərbaycan səfirliyinə müraciət ünvanlaya bilər. Bundan sonra səfirlik məlumatı Azərbayacana göndərir ki, çarter reysləri hökumət tərəfindən təşkil olunduqca, məlumat bazasındakı informasiyalar əsasında siyahılar formalaşdırılır.

Bu günə qədər Ankara və İstanbuldan Azərbaycana çarter reysləri təşkil olunub. Növbəti qərar verildikdən sonra vətəndaşların yenidən ölkəyə qatarılması prosesi həyata keçiriləcək".

AZAL-ın Mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski isə BAKU.WS-ə bildirib ki, xaricdən Azərbaycana geri qaytarılan vətəndaşlarla bağlı məsələ ilə Azərbaycan hökuməti məşğul olur:

"Həm çarter, həm də adi reyslərlə bağlı qərarı hökumət verir. Hazırda iyunun 15-nə kimi bütün uçuşlar dayandırılıb. Yalnız yük daşımaları burada istisnadır. Yeni qərarın nə olacağı isə bizə məlum deyil".

Qeyd edək ki, Türkiyədən Azərbaycana qayıtmaq istəyən şəxslər səfirlik və ya konsulluğa müraciət etməlidir. Yalnız hökumətlərarası əldə olunan razılaşma ilə çarter reysləri təyin oluna bilər.

Orxan Hüseyn
BAKU.WS