SİZİN REKLAM BURADA!
055 213 76 73


Nazirlər Kabineti yanında Operativ Qərargahın növbəti qərarından sonra bu gündən etibarən xüsusi karantin rejimi çərçivəsində tətbiq edilən məhdudiyyətlərin daha bir qisminin yumşaldılmasına başlanılıb.

BAKU.WS xəbər verir ki, bununla belə xüsusi karantin rejimi müddətində ölkə üzrə bir çox məhdudiyyətlər hələ də qüvvədə qalır.

Bunların arasında idman və fitnes zalları ilə bağlı qadağanın hələ də qüvvədə saxlanılması da var. Yerli əhali iki aydan çox müddətdir fərdi və qrup halında idmanla məşğul ola bilmədiyi üçün artıq kilo almağa da başlayıb. Mövcud vəziyyətdə idman kompleksləri, zallar və fitnes mərkəzlərinin nə vaxt açılacağı ilə bağlı millət vəkili Fazil Mustafaya müraciət etdik.

Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, yaxın günlərdə idman zallarını açmaq məqsədəuyğun olardı: "Bu məsələdə Operativ Qərargahın yanaşması fərqlidir. Onların informasiyası daha çoxdur. Biz bu məsələdə müxtəlif təkliflər verə bilərik. Lakin real təhlükələr nəzərə alınmalıdır.

Amma istənilən halda idman və fitnes zallarının açılması mümkündür. Fərdi qaydada idmanla məşğul olmağın heç bir problemi ola bilməz. Digər tərəfdən təmas oyunlarında isə müəyyən qaydalar tətbiq oluna bilər. Mən özüm də etiraf edim ki, bu məsələdə əziyyət çəkirəm. Artıq iki aydır ki, futbol oynaya bilmirəm. Bu insanlara böyük bir sıxıntı verir. Həmçinin artıq çəki problemi də yaranır.

Hesab edirəm ki, Operativ Qərargah tərəfindən idman zallarının bərpa edilməsinin yolları mütləq şəkildə hazırlanmalıdır. Hər bir halda axşam istisna olmaqla, digər vaxtlarda fitnes və idman zallarının açılması məqsədəuyğun olardı".

Orxan Hüseyn
BAKU.WS