SİZİN REKLAM BURADA!
055 213 76 73


Bayram günləri və həftə sonları koronavirusla bağlı Azərbaycanda Türkiyə təcrübəsindən istifadə edilə, məhdudiyyətlərin tətbiqi üçün komendant saatı tətbiq oluna bilər.

BAKU.WS xəbər verir ki, tətbiq olunacaq komendant saatı ölkə üzrə koronavirusa yoluxanların qarşısını almağa xidmət edəcək.

Komendant saatı ilə bağlı müxtəlif fikirlər səslənsə də, bunun Azərbaycanda tətbiqinin forması vətəndaşlar üçün böyük maraq doğurur. Bunu müəyyənləşdirmək məqsədilə millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik. Deputat BAKU.WS-ə açıqlamasında bildirdi ki, əgər koronavirusa yoluxma sayı yüksək olarsa, bütün ölkə üzrə deyil, müəyyən bölgələrdə komendant saatı tətbiq oluna bilər: “Əgər respublikanın əksər yerlərində yoluxma yoxdursa, o zaman nə komendant saatının tətbiqinə, nə də digər məhdudiyyətlərə, təhsil, toy və yas mərasimləri istisna olmaqla, ehtiyac yaranmır. Ancaq müəyyən bölgələrdə yüksək yoluxma faizi qalır.

Mümkündür ki, müəyyən dövlərdə - bayram və şənbə-bazar günlərində komendant saatı tətbiq oluna bilər. İnsanlar onlara lazım olan ərzaq və digər tələbatları digər günlərdə alırlar və komendant saatı tətbiq olunan günləri evdə keçirirlər. Bu, imkan verəcək ki, insanların toplu şəkildə olduğu yerlərdə yoluxma hallarının qarşısı alınsın”.

Aydın Mirzəzadə əlavə etdi ki, eyni zamanda tibbi maska taxmaq və dezinfeksiya vasitələrinə nəzarət də artmalıdır: “Mən açıq şəkildə deyim ki, marketlər və müəssisələrin bir çoxunda insanlar maska taxmırlar. Hətta mən özüm marketə gedərkən özümlə əlavə maska aparıram. Mənə qulluq edən satıcı və kassirə məcburi surətdə maska geyindirirəm.

Bu, onu göstərir ki, bəzən istəmədiyimiz halda həmin market və digər insanların müraciət etdiyi yerlər koronavirusun yayıldığı mənbəyə çevrilirlər. Bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahda hərtərəfli məlumatlar var və onlar situasiyaya uyğun qərarlar qəbul edəcəklər.  

Hesab etmirəm ki, sərt komendant saatına ehtiyac var. Komendant saatının müəyyən elementləri indi də var. İnsanların elektron icazə alaraq küçəyə çıxması, üzərlərində işlədiyi yerdən arayış və ya vəsiqənin olması, parklara və çimərliklərə girişin qadağan edilməsi, restoran və kafelərin bağlanması - bütün bunlar hamısı komendant saatı anlayışının tərkib hissələridir. Amma komendant saatı tətbiq edilərsə, bu, o deməkdir ki, göstəriləndən kənar vaxtda küçəyə çıxmaq qadağan olunacaq. Bu qaydanı pozanlar nəinki cərimə, hətta qısa müddətdə həbs olunacaqlar”.

Deputat Arzu Nağıyev isə hesab edir ki, bugünkü gündə komendant saatının tətbiqinə ehtiyac yoxdur: “Çünki tətbiq olunan məhdudiyyətlər kifayət qədərdir ki, hər bir vətəndaş öz məsuliyyətini dərk etsin. Bu məhdudiyyətlərə əgər məsuliyyətlə yanaşsalar, yoluxmaların sayında heç bir artım olmaz. Komendant saatının tətbiqini əvvəlcə dərk etmək lazımdır ki, bu, nəyin məhdudiyyətidir.

Əsas məsələ yoluxa biləcək kontingentlə yoluxdura bildirəcək kontingent arasındakı zənciri sındırmaqdır. Bunun üçün komendant saatı tətbiq edib insanların çölə çıxmasına qadağa qoymaq artıq məsələdir. Hər bir vətəndaş öz məsuliyyətini dərk etsə və məhdudiyyətlə bağlı qoyulan tapşırıqları yerinə yetirsə, bu problemlər yüksək səviyyədə həll olunacaq”.

Orxan Hüseyn
BAKU.WS