SİZİN REKLAM BURADA!
055 213 76 73


“Pandemiyadan sonra yeni siyasi və iqtisadi düzənin olacağı proqnozlaşdırılır”.

Bu barədə iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, dünya ölkələri post-pandemiya dövrünə fərqli qaydalarla girir.

“Bir sıra inkişaf etmiş ölkələr, eyni zamanda qlobal siyasətə təsir edən şirkətlər bu kontekstdən post-pandemiya dövründə öz mövqelərini daha da gücləndirmək, fərqli reallıqları diktə etməyə çalışırlar.

Sözsüz, neftin dünya bazarında ucuzlaşması neftə tələbin azalması ilə bağlıdır. Nəzərə alsaq ki, neftə tələbin azalması fonunda xüsusən 2 gün öncə yaşananlar ondan xəbər verir ki, post-pandemiya dövründə yeni düzənə təsir etmək istəyən qüvvələr var.

Onlar çalışırlar ki, pandemiyadan sonra yeni düzəndə daha güclü mövqelərə malik olsunlar. 2020-ci ilin növbəti aylarında da dünya bazarında neftin qiymətinin aşağı olacağı gözlənilir”, - deyə ekspert bildirib.

V.Bayramov deyir ki, pandemiya neftin dünya bazar qiymətinə təsir edən əsas faktordur:

“Bu gün neft bazarında gündəlik 29 milyon bareldən çox neft artıqlığı var. Baxmayaraq ki, OPEC hasilatın 9,7 milyon barel azaldılması ilə bağlı qərar qəbul etdi. Bu isə hələlik bazara təsir göstərmir. Hətta qərar qəbul edilən dövrdəki qiymətləri belə qoruyub saxlaya bilmədi. Səbəb də ondan ibarətdir ki, pandemiya neftə olan tələbin kəskin azalmasına səbəb olub.

Nəticədə OPEC+ ölkələri bir tərəfdən neftin qiymətinin stabilləşməsində maraqlıdırlar, digər tərəfdən isə neft bazarındakı paylarını itirmək istəmirlər. Bu baxımdan da böyük hasilat azalmalarına getmirlər”.

V.Bayramov deyir ki, may və iyun aylarında da neftin dünya bazarında ucuz olacağı gözlənilir:

“Sonrakı aylarda pandemiyanın təsirinin hansı dərəcədə minimumlaşdırılması və xüsusən də inkişaf etmiş ölkələrdə daxili uçuşlara və daxili səfərlərə icazə verilib-verilməməsi əsas faktor olacaq. Ümumilikdə isə 2020-ci ildə neftin qiymətinin aşağı olacağı proqnozlaşdırılır”.

Ekspertin fikrincə, bu gedişat Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcək:

“Azərbaycan da neft ölkəsidir. İxracının 81 faizini xam neft təşkil edir. Bu baxımdan neftin dünya bazar qiyməti bizim üçün vacib faktorlardan biridir. Bu, ölkəyə daxil olan valyuta həcminə birbaşa təsir göstərir. Sözsüz, 2020-ci ildə neft satışından proqnozlaşdırdığımızdan az gəlir əldə edəcəyik.

Həm Dövlət Neft Fonduna, həm də Dövlət Büdcəsinə neft satışından daxil olan gəlirlərdə azalmalar olacaq. Çünki qiymət proqnozlaşdırılandan çox aşağıdır.

Amma neftin qiymətinin dünya bazarında aşağı düşməsi Beynəlxalq Enerji Təşkilatının da qeyd etdiyi kimi həm də neft ölkələri üçün iqtisadi siyasətin dəyişdirilməsi üçün yeni imkanlar yaradır. 2020-ci ildə dərinləşmiş islahatlar iqsitadiyyatın şaxələnməsinin daha çox hədəflənməsinə gətirib çıxaracaq”.

Qeyd edək ki, ölkə Prezidenti 2020-ci ili dərinləşmiş islahatlar ili kimi xarakterizə edib. Ölkə başçısı qeyd edib ki, əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də dərinləşmiş islahatlar və gizli iqtisadiyyatın minimumlaşdırılması neftdən asılılığın aradan qaldırılması kimi strateji hədəflərə ünvanlanacaq.

V.Bayramov deyir ki, bu islahatlar neftin ucuzlaşdırılmasının ölkə iqtisadiyyata təsirini aşağı salmaq üçün vacib addımlardır:

“Azərbaycan hökuməti də 2020-ci ildə dərinləşmiş islahatları davam etdirəcək. Bununla bağlı siyasi iradə var.

Xüsusən də sahibkarlığın dəstəklənməsilə bağlı islahatların genişlənməsini təklif edirik. Artıq iqtisadi paketdə sahibkarların dəstəklənməsilə bağlı tədbirlər nəzərdə tutulub.

Bu da ondan xəbər verir ki, post-pandemiya dövründə sahibkarlar yeni paketlərdən faydalana biləcəklər. Avtomatlaşdırma, online iqtisadiyyatın inkişafı Azərbaycan üçün vacib olmalıdır.

Pandemiya və neftin qiymətinin aşağı olması bir daha onu təsdiq edir ki, Azərbaycan növbəti dövrdə artıq tələbi yerli istehsal hesabına ödəməlidir. Yerli istehsalın inkişafı da əsas hədəflərdən biri olacaq”.

Ziya SƏCCAD
BAKU.WS