SİZİN REKLAM BURADA!
055 213 76 73


Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi koronavirus (COVID 19) pandemiyasının sürətlə yayılmasını nəzərə alaraq infeksiyaya qarşı genişmiqyaslı mübarizə tədbirlərinə dəstək verilməsi, sosial həmrəylik nümayiş etdirilməsi məqsədilə “Evdə qal” kampaniyası çərçivəsində fəaliyyətini davam etdirir.

BAKU.WS xəbər verir ki, Dövlət Komitəsi və nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin (UADM) təşəbbüsü ilə əhalinin tibbi maskalarla təmin edilməsi məqsədilə tibbi maskalar hazırlanıb.

Ümumilikdə 1 000-ə yaxın maska sterilizə edilərək bir qismi bu günlərdə Zaqatala, Goranboy və Şüvəlanda ehtiyacı olan ailələr arasında, eləcə də apteklərə təmənnasız paylanılıb. Tibbi maskaların qalan hissəsinin növbəti günlərdə digər bölgələrdə də vətəndaşların istifadəsinə təqdim edilməsi nəzərdə tutulur.

Eyni zamanda “Evdə qal” aksiyası çərçivəsində Göygöl, Zaqatala, İsmayıllı, Qəbələ, Sabirabad və Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları onlayn və zəng vasitəsilə 67-i uşaq, 24-ü isə ahıl olmaqla 193 nəfərə psixoloji yardım göstərib. Peşəkar mütəxəssislər tərəfindən konsultasiya edilən müraciətlər əsasən emosional gərginlik, tənhalıqdan qorxma, panik atak keçirmə, uşaqların davranış pozuntuları, adaptasiyası və s. məsələlərlə bağlı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışına cavab olaraq başladılan sosial aksiya davam etdiriləcək.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hamını karantin şərtlərinə və gigiyenik qaydalara riayət etməklə evdə qalmağa, tibbi maska və spirtlərdən istifadə etməyə, əlləri müntəzəm şəkildə sabunla yumağa dəvət edərək bu infeksiyaya birlikdə qalib gəlməyə çağırır.

BAKU.WS
QALEREYA