SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda vaksinasiya prosesinə start verilib. Həm rəsmi, həm də digər şəxslərə vaksin vurulmasına başlanılıb.

BAKU.WS xəbər verir ki, karantin şərtlərinin növbəti mərhələdə yumşaldılması zamanı iri ticarət mərkəzlərinə qoyulan qadağanın aradan götürülməsi istisna deyil.

Bütün bunları nəzərə alaraq ölkədə iri ticarət mərkəzlərinin, "Sədərək", "Binə" ticarət mərkəzləri və "Mall"ların fəaliyyətinin nə vaxt bərpa edilməsi düzgün olardı? Növbəti həftələrdə buna gedilməsi epidemioloji cəhətdən doğrudurmu?

Tibb elmləri doktoru, professor Adil Qeybulla BAKU.WS-ə bildirib ki, karantin davranışları və qaydalarının həll edilməsinə situasiyadan asılı olaraq qərar verilir: "Yəqin ki, mərhələli şəkildə yumşaldılma olacaq və sosial həyatın ayrı-ayrı sahələri yumşaldılacaq.

İri ticarət müəssisələri və "mall"lar, yəqin ki, açılacaq. Bu, mərhələli şəkildə olacaq və fevral ayında baş verə bilər. Əgər üçüncü dalğa olmazsa, artım dinamikası müşahidə edilməzsə, vəziyyət bu cür davam edərsə, iri ticarət müəssisələri və "mall"ların açılması fevral ayında mümkün olacaq".

Qeyd edək ki, "Binə" və "Sədərək" ticarət mərkəzləri əhali üçün böyük əhəmiyyət kəsb edir. Çünki istər xırda, istərsə də orta və iri sahibkarlar bu mərkəzlərlə alış-veriş edirlər. Lakin burada əsas məsələ şərtlərə əməl olunmasıdır. Koronavirusa yoluxmamaq üçün vacib olan dezinfeksiya və qoruyucu vasitələrə riayət olunmalıdır.

Ticarət mərkəzlərində koronavirus infeksiyasının (COVID-19) profilaktikasına dair GÖSTƏRİŞLƏR

  • Ticarət mərkəzlərinin daxilində tibbi maska istifadəsi məcburidir;
  • Ticarət mərkəzlərindəki apteklərdə tibbi maskaların satışı təmin edilməlidir;
  • Bütün ticarət mərkəzlərində xüsusi tibb məntəqələri ayrılmalı və tibbi
    personalı müvafiq təlim keçməlidir;
  • Ticarət mərkəzlərinin girişlərində xüsusi ayrılmış sahədə daxil olan
    vətəndaşların məsafədən termometriyası aparılmalıdır;
  • Hərarəti yüksək olan və infeksiya simptomları olan şəxslər tibb məntəqəsində
    izolyasiya edilməli, sağlamlıq vəziyyəti qiymətləndirilməli, zərurət
    yarandıqda 103 TTTY xidməti dəvət edilərək tibb müəssisəsinə
    göndərilməlidir;
  • Ticarət mərkəzinin ayrı-ayrı sahələrində davranış və dezinfeksiya qaydaları
    müvafiq sahələrin qaydalarına uyğun icra edilməlidir.
Orxan Hüseyn
BAKU.WS