Koksaki virusu yayılır: Yeni epidemiya gözlənilirmi? - Simptomlar və müalicə yolları
Türkiyə və Rusiyada Koksaki virusuna yoluxma halları qeydə alınıb. Artıq Rusiyanın Podolsk bölgəsində naməlum xəstəlikdən hamilə qadın vəfat edib.
BAKU.WS xəbər verir ki, məlum virus Rusiyanın doqquz bölgəsində bağça və məktəblərdə uşaqlarda aşkar edilib.
Virusa Moskva, Sankt-Peterburq, Krasnodar, Tatarıstan, Moskva vilayəti, Vladimir, Bryansk, İjevsk və Kalujsk vilayətlərində rast gəlinib.
İjevskdə Səhiyyə Nazirliyi kütləvi infeksiyaların olmadığını, fərdi halların müalicəsinin isə tövsiyələrə uyğun aparıldığını bildirib. Vladimir vilayəti rəsmiləri də Koksaki virusuna yoluxmuş uşaqların nəzarətdə olmadığını bildiriblər. Rospotrebnadzor məktəblərdə hər səhər uşaqlarda xəstəlik əlamətlərini yoxlamağı tövsiyə edib.
Koksaki virusu nədir?
Koksaki virusu bir sıra kəskin xəstəliklərə səbəb ola bilir və bu xəstəliklər müxtəlif simptomlarla müşayiət olunur. Tez-tez mərkəzi sinir sistemi, ürək və dərinin zədələnməsi ilə əlaqələndirilir. Virus xüsusilə 10 yaşına qədər uşaqlar üçün təhlükəlidir, böyüklər isə daha nadir hallarda yoluxur və xəstəlik adətən daha yüngül keçir.
Terapevt Pavel Smirnov bildirib ki, Koksaki virusu insan orqanizminə daxil olduqdan sonra selikli qişalarda toplanır, burun-udlaq və nazik bağırsağa nüfuz edərək aktiv şəkildə çoxalmağa başlayır. "Virus hər hansı bir orqana və ya sistemə çataraq orada kəskin iltihaba və funksionallıq pozulmasına səbəb ola bilər," deyə mütəxəssis izah edib.
Koksaki virusunun əlamətləri və təhlükəsi
Rusiya Pediatrlar İttifaqının üzvü Dmitri Malyx bildirib ki, uşaqlarda Koksaki virusu əsasən yüksək qızdırma və səpkilərlə özünü göstərir. "Bəzən Koksaki virusuna əl, ayaq və ağız xəstəliyi də deyilir, çünki bu xəstəlik zamanı səpkilər əllərdə, ayaqlarda və ağız ətrafında yaranır. Xəstəlik diareya və güclü boğaz ağrısı ilə də müşayiət oluna bilər"-deyə həkim bildirib. O, xəstəliyin adətən 4-7 gün davam etdiyini və əksər hallarda tam sağalma ilə nəticələndiyini qeyd edib.
"Bu virusa qarşı spesifik antiviral müalicə yoxdur. Yeganə etdiyimiz, uşağın vəziyyətinə nəzarət etmək və temperaturu azaltmaq üçün dərmanlar kimi preparatlar verməkdir",-deyə Malyx vurğulayıb.
Koksaki virusu necə ötürülür
İnfeksionist professor Elena Meskina Koksaki virusunun tüpürcək və çirkli səthlər vasitəsilə yayıldığını bildirib. Buna görə də, əlləri daha tez-tez yumağı və gigiyenik qaydalara riayət etməyi tövsiyə edib. "Virus yoluxmuş insanın tüpürcək damcıları ilə və ya çirkli əllər, məişət əşyaları vasitəsilə ötürülür",- deyə o əlavə edib.
Koksaki virusunun yarada biləcəyi fəsadlar
Pediatr Dmitri Malyx Koksaki virusunun əsas risk qrupuna körpələrin aid olduğunu bildirib. Onun sözlərinə görə, virus nadir hallarda hepatit və ya qaraciyər nekrozu kimi ağır fəsadlara səbəb ola bilər. Digər ağırlaşmalar arasında miokardit və meninqoensefalit qeyd olunur.
Oxşar xəbərlər
TƏBİB sədri: Yaralılar müayinələri tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar
Yaralıların müayinələri davam edir. Müayinələr tam bitəndən sonra stasionar xəstəxanaya qəbul olunacaqlar. BAKU.WS "Baku TV"yə istinadən xəbər verir ki, bunu TƏ...