Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür

Bu gün Xalq şairi Ramiz Rövşənin doğum günüdür
Mədəniyyət 88

Bu gün Xalq şairi, yazıçı, esseist, kinossenarist, tərcüməçi Ramiz Rövşənin 78 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Rövşən Ramiz Məmmədəli oğlu 1946-cı il dekabrın 15-də Bakının Suraxanı rayonu Əmircan kəndində anadan olub.

Əslən Qubadlı rayonunun Teymur Müskanlı kəndindəndir. Suraxanı rayonundakı 208 N-li şəhər orta məktəbində təhsil alıb. 1964-1969-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini, 1976-1978-ci illərdə Moskva Ali Ssenari Kurslarını bitirib.

1971-ci ildə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında, "Mozalan" satirik kinojurnal studiyasında redaktor, 1974-1975-ci illər kinostudiyanın ssenari emalatxanasında ssenarist, 1979-1987-ci illərdə ssenari redaksiya heyətinin üzvü, 1987-1992-ci illərdə kinostudiyanın baş redaktoru, 1992-2020-ci illərdə Azərbaycan Tərcümə Mərkəzinin baş redaktoru vəzifələrində işləyib.

Bir neçə şeir kitabının müəllifidir.

Ramiz Rövşənin ssenariləri əsasında çoxlu sayda bədii və sənədli film çəkilib. Şeir və hekayələri tərcümə edilərək bir ABŞ-də, Almaniyada, Böyük Britaniyada, Fransada, Polşada, Bolqarıstanda, Türkiyədə və İranda çap olunub.

Ramiz Rövşən Müsavat Partiyasının 1997-ci ildə qəbul olunmuş himninin sözlərinin müəllifidir.

O, 2013-cü ildə "Türk Dünyası Bilim, Kültür ve Sanat Ödülü"nü alıb.

2019-cu ildən Avrasiya Akademiyasının akademiki və akademiyanın "Avrasiya Əfsanəsi" mükafatının sahibidir.

Azərbaycan Respublikası Prezidentinin 25 may 2019 tarixli Sərəncamı ilə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının Xalq şairi fəxri adına layiq görülüb.

Mədəniyyət Nazirliyinin təsis etdiyi "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilib.Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin, Dünya Poeziya Hərəkatı (WPM) Koordinasiya Şurasının üzvüdür.

Yazıçı Yaşar Əliyevin qardaşıdır. Tərcüməçi Rövşən Ramizoğlunun atasıdır.

Son xəbərlər