Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53  nömrəli  müntəzəm şəhərdaxili  marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib. 
 
Bu barədə BAKU.WS-ə Bakı Nəqliyyat Agentliyinin İctimai Əlaqələr və Maarifləndirmə Şöbəsinin müdiri Nuridə Allahyarova məlumat verib. Məlumata görə, bundan sonra 29 saylı marşrut üzrə hərəkər edən avtobuslar mertonun Memar Əcəmi stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək. 

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından Metronun Elmlər Akademisyası stansiyasınadək hərəkət edəcəklər. Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş gəlişi Bakı Nəqliyyat Agentliyinin tərəfindən qadağan edilib.  

Bir daha qeyd edək edək ki, davam etməkdə olan optimallaşdırma prosesində beynəlxalq təcrübəyə əsaslanaraq müntəzəm sərnişindaşıma sahəsində   xidmət   səviyyəsini   artıran,  nağdsız ödəniş   sisteminə   qoşulan daşıyıcılara xüsusi önəm veriləcək. Daşıyıcıların nağdsız ödəniş sisteminə qoşulması işləri isə davam edir. Bakı Nəqliyyat Agentliyinin müvafiq tələbinə uyğun olaraq yaxın vaxtlarda 88 saylı marşrut xətti üzrə də gediş haqqının ödənilməsi "Bakı Kart” vasitəsi ilə həyata keçiriləcək. Hazırda marşrut xəttinin müvəqqəti istismara verildiyi daşıyıcı şirkət nağdsız ödəniş sisteminə keçidlə əlaqədar zəruri texniki işləri yekunlaşdırmaq üzrədir. 

ƏLİ
BAKU.WS