Qorxu yaradan xəbərlər koronavirusdan daha təhlükəlidir - VİDEO

Qorxu yaradan xəbərlər koronavirusdan daha təhlükəlidir - VİDEO
Video
Video 4066

Azərbaycan Televiziyasının "Hədəf" verilişində koronavirus infeksiyası ilə bağlı sosial şəbəkələrdə və bəzi mətbuat orqanlarında əsassız, ajiotaj yaradan informasiyaların cəmiyyətə verdiyi ziyanlardan danışılıb.

BAKU.WS xəbər verir ki, verilişin qonağı olan media mütəxəssisləri bildiriblər ki, virusla bağlı insanlarda qorxu yaradan yalan informasiyaların yayılması xəstəlikdən daha təhlükəlidir.

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli bildirib ki, bu gün panika yaradan informasiyalar cəmiyyətə koronavirusdan daha çox ziyan vurur:

"Bir insana dəfələrlə "sən xəstəsən" desən, həmin insan psixoloji baxımdan panikaya düşəcək, qızdırması qalxacaq.

Ajiotaj yaradacaq xəbərlər daha çox sosial şəbəkələrdə yayılır. Nədənsə sosial şəbəkələri yönləndirən insanlar koronavirusla bağlı pozitiv informasiyaları kənara qoyurlar, əhalidə qorxu yaradacaq, əsasən də yalan xəbərləri yayırlar. Burada da xüsusi məqsəd özünü göstərmiş olur".

APA Media Qrupunun rəhbəri Vüsalə Mahirqızı xatırladıb ki, koronavirusla bağlı Azərbaycan dövləti vəziyyəti nəzarətə götürüb:

"Operativ qərargahın yaradılması, gündəlik olaraq qərargahdan məlumatların bir neçə dəfə verilməsi çox yaxşı oldu.

Çünki bu cür hadisələr zamanı informasiyalarla manipulyasiya aparanlar peyda olur. Sosial şəbəkələrin olması informasiya manipulyasiyalarını qat-qat artırıb ki, bu, günümüzün reallığıdır.

Hesab edirəm ki, həm hüquq-mühafizə orqanları, həm də mətbuatın etik kodeksi ilə məşğul olan qurumlar ajiotaj yaradan xəbərləri yayanları, informasiya ilə manipulyasiya edənləri ciddi nəzarət altına almalıdır".

Azvision.az saytının baş redaktoru Vüsal Məmmədov isə düşünür ki, koronavirus daha çox mental epidemiyadır:

"Baş verən epidemiya da daha çox psixolojidir. Maraqlıdır ki, panika yaradan xəbərlər digər ölkələrin hamısında bizdəki kimi eyni mexanizmlə yayılır. Yəni, vahiməli xəbərlərin yayılması bütün ölkələrdə oxşar sxemlə gedir".

Media mütəxəssisləri verilişdə insanlara koronavirusla bağlı ajiotaj yaradan informasiyalara inanmamağı tövsiyə ediblər.

"Hədəf" verilişinin tam versiyasını mətnin içərisində yerləşdirdiyimiz videodan izləyə bilərsiniz.

Son xəbərlər