Qərbi Azərbaycan Xronikası: Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - VİDEO

Qərbi Azərbaycan Xronikası: Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır - VİDEO
Video
Video 1

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Çəmbərək, Basarkeçər və Mehri rayonlarında dövlət idarələri bağlanır” adlı analitik süjet hazırlanıb.

Verilişdə rəsmi İrəvanın Qərbi Azərbaycanın bir sıra ərazilərini, o cümlədən Çəmbərək, Basarkeçər və Mehri rayonlarının qaytarmaq istəyində olduğu, bu fikirlərin, eləcə də son günlər Ermənistan hakimiyyətinin verdiyi qərarların erməni ictimai rəyində müzakirə yaratdığı bildirilir.

Qeyd olunur ki, Ermənistanda belə müzakirələrin başlanmasına səbəb hakimiyyətin bu bölgələrdə dövlət qurumlarını bağlamaq qərarından qaynaqlanır: “Məlumatlara görə, Basarkeçərdə, Çəmbərək və Mehridə pasport-viza şöbəsinin bağlanacağı, ümumiyyətlə, Azərbaycanla sərhəd bölgəsindən dövlət qurumları və digər xidmət idarələrinin çıxarılacağı deyilir. Bu bölgələrdə yaşayan ermənilər bildirirlər ki, hakimiyyət iki səbəb görə bu addımı ata bilər: ya bu ərazilər Azərbaycana təhvil veriləcək, ya da yeni müharibəyə hazırlıq gedir. Əgər yeni müharibə olarsa, Azərbaycan bu əraziləri asanlıqla nəzarətə götürə bilər. Hətta Paşinyanın bu əraziləri müharibə yolu ilə Azərbaycana qaytarmağa hazırlaşdığını düşünənlər də var”.

Diqqətə çatdırılır ki, Basarkeçərdəki ermənilər buna görə etiraz aksiyası keçiriblər: “Baş nazir Nikol Paşinyan isə Basarkeçərdə keçirilən etiraz aksiyasını tənqid edib. O, hökumətin Basarkeçərə milyardlarla vəsait xərclədiyini iddia edib və şikayətlənib ki, insanlar bu layihələrdən danışmaq əvəzinə, ərazilərin təhvil verilməsindən bəhs edirlər. Erməni siyasətçiləri isə Paşinyanın bölgədə yeni müharibənin olacağı barədə xəbərdarlığını ərazilərin təhvil verilməsinə hesablandığını, Qərbi Azərbaycanın müəyyən ərazilərinin, xüsusilə sərhəd bölgəsinin Azərbaycana təhvil verilməsinə hazırlıq olduğunu düşünürlər”.

Vurğulanır ki, bu iddiaların erməni uydurmaları hesab etmək olar: “Ermənistan təxribat hücumlarını genişləndirəcəyi təqdirdə, Azərbaycanın cavab addımları ordumuzun tarixi torpaqlarımıza qədər irəliləməsini də şərtləndirə bilər. Lakin hər şey Ermənistanın Azərbaycanın şərtlərinə uyğun sülh gündəliyinə sadiqliyindən asılı olacaq. Sərhədin delimitasiyası və kommunikasiyanın açılması Bakının istəklərinə uyğun həyata keçirilməli, o cümlədən, Qərbi azərbaycanlıların öz yurdlarına qayıdışı təmin edilməlidir. Azərbaycanın haqlı tələbləri icra edilməsə, ordumuz bu dəfə kazarmaları Göyçə, Zəngəzur, Basarkeçər üçün tərk etməli olacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş fevralın 22-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

Son xəbərlər