Prezident İlham Əliyev Paşinyanı çətinə saldı - VİDEO

Prezident İlham Əliyev Paşinyanı çətinə saldı - VİDEO
Video
Video 1834

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyanın iştirakı ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr keçirilib.

BAKU.WS xəbər verir ki, müzakirələrdə Nikol Paşinyanın danışdığı yalanları dövlət başçımız İlham Əliyev üzə çıxarıb:

Nikol Paşinyan: Bilirsiniz, mən bir neçə məsələni qeyd etmək istərdim. İlk növbədə, BMT Təhlükəsizlik Şurasının qətnaməsi ilə bağlı. Orada Ermənistan qoşunları sözü yoxdur. Orada “yerli erməni qüvvələri” yazılıb. Bu, o deməkdir ki, Dağlıq Qarabağ əhalisi özünümüdafiə üçün qüvvələr yaradıb, orada Ermənistan qoşunları yazılmayıb. Qurbanlara gəlincə.

Bəli, bu, faciədir, bu, münaqişədir və bu münaqişə nəticəsində minlərlə adam, həm erməni, həm də azərbaycanlı həlak olub. Bu, faktdır. Lakin şəxsən mən “Arqumentı i Faktı” qəzetində Azərbaycanın sabiq prezidentinin müsahibəsini oxumuşam. Düşünürəm ki, biz onu internetdə asanlıqla tapa bilərik. Tarixi faktlara gəlincə, “Dağlıq Qarabağ qanuni aspekt” kitabı var.

Siz mənim dediklərimi orada tapa bilərsiniz və siz bunu tarix kitablarından tapa bilərsiniz. Şəhərin adları və etnik təmizləmə barədə. Dağlıq Qarabağda Şaumyan adlı rayon var idi.

Prezident İlham Əliyev: Xeyr. O, Dağlıq Qarabağda deyildi. O, Dağlıq Qarabağda deyildi. Xeyr, xeyr...

Moderator: Mən Sizə söz verəcəyəm.

Nikol Paşinyan: Yaxşı, yaxşı. Şaumyan var. Mənim fikrimcə, Dağlıq Qarabağda. Yaxşı.

Prezident İlham Əliyev: Görürsünüz, yalan danışır.

Moderator: Mən Sizə söz verəcəyəm.

Nikol Paşinyan: Şaumyan rayonu var idi və 1988-ci ildə oranın əhalisi 100 faiz ermənilərdən ibarət idi. İndi isə orada bir erməni yoxdur və Şaumyan adı azərbaycanca adla əvəz olunub. Bu, mənim üçün çətin sözdür.

Prezident Əliyev dedi ki, bu gün Azərbaycan əsgəri öldürülüb və mən deyə bilərəm ki, bu gün Qazaxda Ermənistan və Azərbaycan sərhədində erməni əsgər Azərbaycan snayperləri tərəfindən yaralanıb. Bu prosesi dayandırmaq üçün nə etmək bizim qarşılıqlı vəzifəmizdir?

Moderator: Çox sağ olun. Bu, sözü sizə vermək üçün yaxşı məqamdır. Cənab prezident, mən Sizə razı olmadığınız spesifik məqamlarla bağlı cavab vermək imkanı verəcəyəm. Sonra bizim sualımız var və mən bu fürsəti qaçırmaq istəmirəm.

Prezident İlham Əliyev: Sadəcə, şərhlərimi bildirmək istəyirəm. Çünki bir daha qeyd edirəm, mən buraya həqiqəti söyləməyə gəlmişəm. Bir daha deyirəm. Mən “Arqumentı i Faktı”da nə yazıldığını bilmirəm. “Arqumentı i Faktı” çox sayda erməninin çalışdığı bir qəzet, müstəqil qəzetdir. Rusiyanın aparıcı mətbuat orqanlarına rəhbərlik edən ermənilərin sayı bizə Azərbaycanda məlumdur. Beləliklə, onlar istədiklərini yaza bilərlər.

Ona görə də mən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibovun rəsmi bəyanatına istinad edirəm. O deyib ki, heç vaxt belə deməyib. İndi isə baxın. Prezident, sabiq prezident, onun sözləri və bir ermənipərəst və ya erməni jurnalistin sözləri. Hansının dəyəri daha çoxdur? Bu, birincisi. Şaumyana gəlincə.

Cənab baş nazir indicə qeyd etdi ki, Dağlıq Qarabağı Azərbaycana vermək qərarını Stalin verib. Bu, səhvdir. Bir daha Qafqaz Bürosunun qərarına baxın, 1921-ci il iyul, orada deyilir ki, Dağlıq Qarabağı Azərbaycanda saxlamaq, Azərbaycana vermək yox. Əgər o Stalini belə çox bəyənmirsə, qəribədir ki, niyə Şaumyanı belə çox bəyənir? Çünki Şaumyan bolşeviklərdən biri idi. O, günahsız azərbaycanlıları qətlə yetirmiş şəxs idi. Bugünkü Dağlıq Qarabağın qondarma paytaxtı onun adı ilə adlandırılıb.

Sual olunur: əgər Dağlıq Qarabağ qədim Ermənistan ərazisidirsə, niyə paytaxtın adı qədim erməni adı ilə adlandırılmayıb. Çünki paytaxtın qədim adı Xankəndidir - Xanın kəndi. Stepanakert, çünki Şaumyanın adı Stepan idi, kert Ermənistanda şəhər deməkdir, elə deyilmi?

Stepanakert həmin bolşevikin adı ilə adlandırılıb. Bu, bir daha onu sübut edir ki, həmin ərazilərdə heç bir erməni tarixi irsi yoxdur və mənim başladığım məqama gəldikdə bu tarixi məsələ münaqişənin necə həll olunmalı olduğunu başa düşmək üçün mühümdür.

Moderator: Çox sağ olun cənab. Ümid edirəm ki, hər kəs qeydlər aparır, çünki bizə burada müxtəlif məqamlardan ibarət olan tarix dərsi verilir. Sualımız var. Buyurun. Xahiş edirəm özünüzü təqdim edin ki, biz kiminlə danışdığımızı bilək.

Son xəbərlər