Prezident Kəmaləddin Heydərova irad tutdu: “Belə şeylərə son qoymaq lazımdır!” - VİDEO

Prezident Kəmaləddin Heydərova irad tutdu: “Belə şeylərə son qoymaq lazımdır!” - VİDEO
Video
Video 8456

İyulun 23-də Azərbaycan Prezidenti İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda müşavirə keçirilib.

BAKU.WS-in məlumatına görə, müşavirədə ölkə başçısı su təsərrüfatında yaranmış mövcud vəziyyətlə bağlı narahatlığını ifadə edib, bəzi məmurlara iradlarını bildirib.

“Mənə göndərilən məktublarla bağlı. Mən bu məktubları Prezident Administrasiyasının şöbəsinə və Nazirlər Kabinetinə göndərirəm. Zeynal Nağdəliyev, məlumat verin, məktublarda qaldırılmış məsələlərin araşdırılması və görülən tədbirlər nədən ibarətdir və bu məsələlərin təxminən neçə faizi öz həllini tapıb? Bundan sonra hansı addımların atılması gözlənilir?” - deyə İlham Əliyev qeyd edib.

Müşavirədə bəzi məmurlar mövcud vəziyyətlə bağlı çıxış ediblər:

Prezidentin köməkçisi Zeynal Nağdəliyev: Təşəkkür edirəm, cənab Prezident. İcazə verin, məruzə edim ki, təkcə iyulun 2-dən başlayaraq Siz tərəfdən bizə araşdırılmaq üçün 100 müraciət göndərilib. Araşdırılan müraciətlərin 10-u tam olaraq həllini tapmışdır və yüksək diqqətinizə məruzə edilmişdir. Hazırda təqribən 12-15 müraciət yerlərdə həllini tapmışdır və biz bununla bağlı məruzəyə hazırlaşırıq. Bunlar suyun çatışmazlığı ilə bağlı olan müraciətlərdir, söhbət ondan gedir.

Eyni zamanda, suyun çatışmazlığı ilə bağlı 10 müraciətin Sizin tapşırığınız əsasında əlavə potensial imkanlardan istifadə etməklə həlli istiqamətində iş görülür. Sizin tapşırığınız müvafiq qurumlara çatdırılmışdır və indi o imkanlar araşdırılır. Ümumiyyətlə, yerlərdə suyun çatışmazlığında əsas məsələ, həqiqətən də, suyun olmaması idi. Bəzi hallarda suyun verilməsinin, onun fermerlərə çatdırılmasının sistemliliyi pozulmuşdu. Tapşırığınıza uyğun olaraq Nazirlər Kabineti ilə birlikdə məsələyə müdaxilə etdikdən sonra nizamlanmış növbəlilik təmin edilmişdir. Arxlar təmizlənmiş, digər texniki çatışmazlıqlar aradan qaldırılmışdır. Cənab Prezident, hazırda bu istiqamətdə bütün tədbirlər görülməkdədir.

Prezident İlham Əliyev: Hər bir məktuba çox diqqətlə yanaşmaq lazımdır və həlli bilavasitə qısa müddət ərzində mümkün olan məsələlər dərhal həll olunmalıdır. Məktublarda elə məsələlər qaldırılır ki, onlar daha genişmiqyaslı iş tələb edir. Əlbəttə ki, biz onları nəzərə almalıyıq. Artıq İqtisadiyyat Nazirliyinə göstəriş verildi ki, bizim investisiya proqramımızın imkanları daxilində bu məqsədlər üçün əlavə vəsaitin ayrılması da nəzərdən keçirilsin və biz gələn ili gözləməyək, nə mümkündürsə, bu il edək. Maliyyə Nazirliyi və İqtisadiyyat Nazirliyi əlavə vəsaitin tapılması ilə əlaqədar birlikdə işləsinlər.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, vəziyyətlə bağlı məruzə edin.

Nazir Kəmaləddin Heydərov: Çox sağ olun, möhtərəm cənab Prezident. Azərbaycan Respublikasının su ehtiyatlarının qiymətləndirilməsi layihəsi haqqında Sizin tapşırığınıza əsasən, 2014-cü ildə Niderlandın “Deltares” şirkəti ilə müqavilə bağlanmışdır və ölkəmizin bütün su balansının çıxarılması, həm yeraltı ehtiyatların, həm də yerüstü çayların, göllərin təhlili prosesi başlanmışdı. Təəssüflər olsun ki, 2014-cü ildən sonra bu layihənin icrası müəyyən maliyyə çatışmazlıqları səbəbindən dayandırılmışdır.

Yüksək diqqətinizə məruzə edirəm ki, bu dövr ərzində Bakı və Abşeron yarımadasının bütün yeraltı, yerüstü suları və gölləri haqqında təhlil hazırlanmış və müvafiq orqanlara göndərilmişdir. Amma bizim ölkə üzrə digər çaylarımızın, göllərimizin tam təhlili əlavə vəsait tələb edir və qısa müddətdə başa çatdırıla bilər. 2017-ci ildən bu layihənin həyata keçirilməsi dayandırılmışdır.

Möhtərəm cənab Prezident, vaxtınızı çox almamaq üçün bir cümlə ilə qeyd edim ki, həm hidrotexniki qurğuların, həm göllərin və su anbarlarının vəziyyəti haqqında müvafiq qurumlara ünvanladığımız məktubların bir qismi öz həllini tapmışdır. Azərenerji tərəfindən Mingəçevir gölünün beton hissəsinin su-torpaq yuyulmasından qorunması üçün işlər tamamilə başa çatdırılmışdır.

Yuxarı Qarabağ kanalının bütün layihə işləri hazırlanıb verilmişdir. Amma, möhtərəm cənab Prezident, bu, Sizin qeyd etdiyiniz kimi, köklü və əsaslı surətdə təmin olunmalıdır. Əgər biz həm suvarma suyunun, həm içməli suların tam nəzarətdə olması və səmərəli istifadə edilməsi, ədalətli bölünməsi üçün işlər görmək istəyiriksə, bir neçə təklifimiz var. İcazənizlə, onların bir-ikisini səsləndirim.

Suyun uçotunun təkmilləşdirilməsi üçün müasir ölçmə vasitələrinin tətbiq edilməsi. Bu prosesi Baş Nazirin müavininin dediyi kimi, biz başlamışıq, yəqin ki, qısa müddətdə başa çatdıracağıq. Əkin sahələrində suya qənaətedici müasir suvarma texnologiyasının tətbiqi üçün istehsalçılara dövlət dəstəyinin verilməsi.

Kollektor-drenaj tullantı sularının təmizlənməsi, təkrar istifadəyə cəlb olunması istiqamətində tədbirlərin hazırlanması və həyata keçirilməsi. Dağ çaylarında relyefin imkan verdiyi yerlərdə sel sularının toplanması üçün kiçik su anbarlarının və yağış sularının toplanması məqsədilə sututarların tikintisi.

Möhtərəm cənab Prezident, Sizinlə müzakirə zamanı suvarma dövründən başqa dağ çaylarındakı suyun akkumulyasiya olunması üçün müvafiq yerlərin seçilməsi və oralarda qış dövründə, yəni suvarma olmayan dövrdə suların akkumulyasiya edilməsi haqqında mənə tapşırıq vermişdiniz. Biz Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutu ilə bu istiqamətdə bəzi yerlərdə araşdırma aparmışıq. Onun reallaşdırılması üçün xarici mütəxəssislərə ehtiyacımız var və yəqin ki, onları pandemiyadan sonra dəvət edəcəyik. Çünki təbii olaraq Kürün suyu artmağa doğru deyil, azalmağa doğru gedir. Bizim də əsas su ehtiyatlarımızı təmin edən Mingəçevir, Varvara, Şəmkirçay və digər anbarlardır. Ona görə də biz gələcək üçün mövcud anbarların faydalı həcmini artırmaqdan ötrü Varvara, Türyançay və Əliçay çaylarını təmizləməliyik.

Bir də, möhtərəm cənab Prezident, bildirməliyəm ki, dövlət əhəmiyyətli Şəmkir, Yenikənd, Mingəçevir, Varvara və Ceyranbatan hidroqovşaqlarının texniki təhlükəsizliyinin qiymətləndirilməsi məqsədilə Yaponiyanın “Kahişa” şirkəti ilə 2017-ci ildə bağlanmış müqavilənin həyata keçirilməsi üçün vəsaitin ayrılması lazımdır.

Prezident İlham Əliyev: Bəs nə üçün bu müqavilə icra edilməyib? 2017-ci ildə bağlanıb, üç il keçib, niyə icra olunmayıb?

Kəmaləddin Heydərov: Deməli, 9 milyon dollar vəsait çatışmadı. Ona görə də bu layihənin icrası dayandırıldı.

Prezident İlham Əliyev: Onda gərək bu məsələ çoxdan öz həllini tapaydı. Bir halda ki, müqavilə bağlanıb. Buyur, Maliyyə naziri, arayış ver.

Maliyyə naziri Samir Şərifov: Möhtərəm cənab Prezident. Məsələ ilə bağlı məruzə etmək istərdim ki, bu vəsaitin ayrılması ilə bağlı Nazirlər Kabinetinin xüsusi bir qərarı olub. Həmin qərara əsasən, bu vəsaitin bir qismi Fövqəladə Hallar Nazirliyi tərəfindən 2 milyon dollar məbləğində həll edilməli idi. Yerdə qalan hissəsi ilə “Azərenerji” Səhmdar Cəmiyyəti tərəfindən görülməli idi. Lakin naməlum səbəblərə görə bu məsələlər öz həllini tapmadı. Hər iki qurumun vəsaiti olub və 2014-cü ildə də “Deltares” şirkətinin apardığı texniki araşdırma ilə bağlı da burada mən, sözün açığı, hər hansı bir əsas tapa bilmirəm, nəyə görə bu vəsait olmayıb. Amma icazə versəniz, biz bununla bağlı müvafiq arayış təqdim edə bilərik.

Prezident İlham Əliyev: Siz məsələni araşdırın. Çünki mən belə başa düşürəm ki, bu vəsait olub, ancaq Fövqəladə Hallar Nazirliyi və Azərenerji bundan istifadə etməyib. Elədir?

Samir Şərifov: Bəli. O zaman bu vəsaiti dövlət büdcəsindən istəyiblər. Cənab Prezident, amma hər iki qurum bilir ki, bu, büdcədə nəzərdə tutulmamışdı. Bununla bağlı həm Azərenerjidə bunun bir hissəsinin verilməsi nəzərdə tutulmuşdu, 2 milyonunu isə Fövqəladə Hallar Nazirliyi ayırmışdı.

Prezident İlham Əliyev: Bu, böyük vəsait deyil. Bunu indi yubatmaq olmaz. Neçə il keçib və əgər bu vaxtında olsaydı, bu qiymətləndirmə də aparılardı və bütün təmir-bərpa işləri görülərdi.

Kəmaləddin Heydərov: Möhtərəm cənab Prezident, bizim tərəfimizdən 2 milyon və xatirimdədirsə, 3 milyon da Azərenerji tərəfindən ayrılmışdı və qalan hissəsini büdcə təmin etməli idi. Sonradan bu vəsait təmin olunmadığına görə layihə dayandırılmışdır.

Prezident İlham Əliyev: Gərək, məsələ qaldıraydınız. Vəsait təmin olunmayıb, siz də məsələ qaldırmamısınız. Mən bu gün bunu eşidirəm. İndi Baş Nazirə tapşırıq verirəm ki, tez bir zamanda bunu həll edin və builki investisiya proqramından vəsait ayırın ki, bu məsələ tezliklə həll olunsun. Siz də tərəf müqabilləri ilə əlaqə saxlayın və onları indi dəvət etmək lazımdır ki, gəlib bu qiymətləndirməni aparsınlar. Çünki bilirsiniz, əgər bu bürokratiya belə davam edərsə, bu, heç bir nəticəyə gəlib çatmayacaq. Çünki kontrakt imzalanıb, vəsait ayrılmayıb. Nəyə görə ayrılmayıb? Kimsə ya istəməyib, ya da ki, istəyib kimsə verməyib, ya sonra ixtisar olunub. Belə şeylərə son qoymaq lazımdır.

Son xəbərlər