Parlamentin binasına girən təxribatçılar - Gecə nə baş verdi? - VİDEO

Parlamentin binasına girən təxribatçılar - Gecə nə baş verdi? - VİDEO
Video
Video 8975

Dünən axşam saatlarından başlayaraq Bakıda orduya dəstək şüarı altında minlərlə insan küçələrə çıxdı.

BAKU.WS BAKU.TV-yə istinadla xəbər verir ki, məqsəd Tovuz rayonundan erməni təxribatı nəticəsində şəhid olan hərbi qulluqçularımızın qanının yerdə qalmayacağını göstərmək və əsgərlərimizin yanında olduğunu nümayiş etdirmək idi.

Əvvəlcə Azadlıq meydanına toplaşan minlərlə insan daha sonra şəhidlər xiyabanına doğru yürüş edərək şəhidlərin ruhuna ehtiramını bildirdi, dövlətimizə və əsgərlərimizə dəstək şüarları səsləndirdi, Qarabağ uğrunda müharibəyə hazır olduqlarını bəyan etdilər. Təmkinlilik və həmrəylik nümayiş etdirən azərbaycan polisi isə təşkil olunan bu aksiyaya müdaxilə etmirdi, ümumi situasiyanı nəzarətda saxlayırdı.

İnsanların qarşısına çıxan Müdafiə Nazirliyinin rəsmiləri orduya dəstəyə görə, birlik nümayiş etdirdiklərinə görə xalqa minnətdarlıqlarını bildirdilər. Azərbaycan xalqının ordusunun yanında olması, həqiqətən, qürurverici idi. Təxminən gecə saat 2 radələrində insanların böyük əksəriyyəti dağılışsa da, bu vəziyyətdən sui-istifadə edənlər də ortaya çıxdı.

Artıq baş verənlər orduya və əsgərə dəstək mahiyyətində deyildi. Xalqın və dövlətin bu həssas dönəmində yaranmış vəziyyətdən sui-istifadə edən bir qrup şəxs təxribata əl atdı və ortaya heç bir məntiqə sığmayan mənzərə çıxdı. Təxribatçı qrup parlamet binasının qapılarını və şüşələrini sındıraraq zorla içəri daxil oldu.

Binaya daxil olduqdan sonra bu şəxslər içəridəki avadanlıqlara da ziyan vurdular. Onların bu hərəkətlərinə artıq göz yummaq olmazdı... Saatlardır, səbr və təmkin nümayiş etdirən Azərbaycan polisi əvvəlcə xəbərdarlıq edərək dağılmağı tələb edib. Lakin aksiyaçılar buna məhəl qoymadılar. Nəticədə asayiş keşikçilərimiz təxribatçılara müdaxilə etmək məcburiyyətində qaldılar.

Özbaşınalıq edən bir qrup şəxs saxlanıldı. Milli Məclisin qarşısındakı meydan da xüsusi vasitələrdən istifadə edilməklə boşaldıldı.

Aksiyanın əsl mahiyyətini unudan təxribatçı qruplar qarışıqlıqdan istifadə edərək 2 avtobus və bir neçə polis avtomobilinə ziyan vurdular. Polis isə qısa bir müddət ərzində ərazidə asayişi bərpa etməyə nail oldu.

Nəticə göz önündədir. Minlərlə insanın bir ağızdan “Qarabağ!” deyə qışqırıb, ordumuza dəstək verdiyi dinc və şərəfli aksiya bir anda hansısa qüvvələrin təxribatı nəticəsində öz istiqamətini dəyişdi. Dövlət orqanlarının binasına hücum, iğtişaş və xoş olmayan görüntülərlə nəticələndi.

Bir qrup insanın mənfur əməlləri Vətənpərvərlik və milli birlik hissləri ilə başlayan möhtəşəm nümayişə kölgə saldı. 90-cı illərin əvvəllərini xatırladan bu görüntülər həmin dövrdə olduğu kimi bu gün də insanlar arasında çaşqınlıq və xaos yaratmaq, vəziyyətdən milli yox, şəxsi maraqlar naminə istifadə etmək cəhdləri idi. Lakin unutmayaq ki, bu cür mənzərə ancaq düşmənlərimizin işinə yarayır.

Şəhidlər xiyabanı kimi müqəddəs bir məkanın düz qarşısında yaşanan bu görüntülər şəhid olan hərbi qulluqçularımızın xatirəsinə də hörmətsizlik oldu. Lakin nə xaricdəki düşmənlərimiz, nə də daxildəki təxribatçılar unutmasınlar ki, bu cür ucuz provokasiya ilə Azərbaycan xalqını dövlətinə qarşı qoya bilməzlər.

Unutmayın! Güclü Azərbaycanda dövlət-xalq birliyi heç vaxt sarsılmayacaq.

Son xəbərlər